close
icon E-kataloq və kitabxana

May ayının 18-də Milli Kitabxanada respublikanın aparıcı kitabxanalarının, Bakı şəhər MKS-nin və universitet kitabxanalarının iştirakı ilə müşavirə keçirilmişdir

18-05-2016

May ayının 18-də Milli Kitabxanada respublikanın aparıcı kitabxanalarının, Bakı şəhər MKS-nin və universitet kitabxanalarının iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirənin məqsədi mövcud kitabxana qanunvericiliyinin müasir kitabxanaların qarşısında duran vəzifələrlə tam uyğunlaşdırılması, yeni qanunvericilik aktlarının hazırlanması məqsədilə təkliflərin işlənməsi və müvafiq orqanlara təqdim olunmaq üçün təkliflərin hazırlanmasından ibarət olmuşdur.  

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamladı. O, öz çıxışında “Kitabxana işi haqqında” Qanunun 90-cı illərin ortalarında yazıldığını, o dövr üçün çox mükəmməl olduğunu, lakin bu günün tələblərinə cavab vermədiyini, digər əlaqəli qanunlarla uzlaşmadığını, kitabxanaların komputerləşdirilməsi, virtual xidmət, elektron kitabxanaların yaradılması və fəaliyyəti, respublika çap məhsullarının Arxiv Fondunun yaradılması, nəşr məhsullarının qeydiyyatının aparılması və s. məsələlərlə bağlı qanunun təkmilləşdirilməsinin zəruriliyindən danışdı, hətta qanuna yeni maddələrin əlavə olunmasını məqsədəmüvafiq hesab etdi.

Çıxışçılar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Respublika Elmi Pedaqoji Kitabxananın direktoru Tamilla İsmixanova və b. çıxışlarında qanunun yenidən işlənməsi üçün İşçi qrupun və Koordinasiya Şurasının  yaradılmasının zəruriliyin qeyd etdilər, kitabxanaların yerli və xarici nəşrlərlə komplektləşdirilməsində, elektron kitabxananın əlyetərliliyində mövcud olan problemlərin, kitabxanaçının hüququ, sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinin, kitabların universal standartlara uyğun rəqəmsallaşdırılmasının, kitabxanaçıların peşə bayramının təyin olunmasının, kitabxanalar üçün vahid kitab satış mərkəzinin yaradılması və b. məsələlərin qanunla tənzimlənməsinə toxundular.

Müşavirənin sonunda bir ay müddətində təkliflərin hazırlanıb təqdim olunması qərara alındı.