close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Qarabağ abidələri” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

22-04-2022

Dağlıq və Aran Qarabağ Azərbaycan Respublikasının ən qədim mədəniyyətlərinin beşiyidir. Füzuli şəhəri yaxınlığında olan Azıx mağarası və ondan 3 km aralıdakı Tağlar mağarası nəinki Azərbaycanda, həmçinin bütün dünyada əhəmiyyəti olan qədim abidələrimizdəndir. Azıx mağarasından aşkar olunan Azıx adamının çənə parçası dünyada ən qədim tapıntılardan biridir.

Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının Tunc və Dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir. Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr-Xocalıdakı dolmenlər, Xankəndindəki kromlexlər, eləcə də Qarabağın müxtəlif yerlərindən aşkar edilmiş antik dövrə aid daş qutu qəbirlər həmin dövrün ideologiyasını-mənəvi düşüncə əks etdirən maddi mədəniyyət nişanələridir.

Qarabağ abidələri təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin “arxivi”, səhifələridir. Qarabağ abidələrinin bugünkü taleyinə gəldikdə XX əsrin sonlarında Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altında qoydu. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv etdi. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığını texnika vasitəsilə darmadağın etdilər. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi.

Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə otuzdurdu. Və Cənab Prezidentimiz İlham Əliyevin Qarabağ bölgəsinə ilk səfəri zamanı bildirmişdir ki, bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.

Cənab Prezident tərəfindən Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı”, eləcə də 2022-ci ili “Şuşa İli” elan etməsi bütün bu işlərin bir göstəricisidir.

Qarabağ abidələrinin tanıdılması məqsədilə Milli Kitabxana əməkdaşları tərəfindən “Qarabağ abidələri” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Qarabağ bölgəsinin qədim yaşayış məskənləri, xəritələr, fotolar, tarixi-memarlıq abidələri və onlar haqqında məlumatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_abideleri/index.htm linkindən istifadə edə bilərlər.