close
icon E-kataloq və kitabxana

Qətərdə “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi

23-02-2024

Qətərdə Azərbaycan Mədəniyyəti Günləri davam edir. 

“Qafqazinfo” xəbər verir ki, fevralın 22-də Mədəniyyət Günləri çərçivəsində Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi keçirilib.

Həmçinin görkəmli şərqşünas-alim, akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunan “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı və “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı tədbir təşkil edilib.  

Qətərin dövlət katibi, Qətər Milli Kitabxanasının prezidenti doktor Həməd bin Əbdüləziz əl-Kuvari çıxış edərək bildirib ki, Qətərlə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini mədəni əməkdaşlıq baxımından əlamətdar hadisə kimi səciyyələndirib, ölkəmizin nümayəndə heyətinə uğurlar arzulayıb.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilinə verdiyi dəstəyə görə bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Taniyə təşəkkürünü bildirib. 

O qeyd edib ki, ölkə rəhbərlərinin səmimi dostluq münasibətləri Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyəyə çatmasında mühüm rol oynayır: "Siyasi-iqtisadi sahədə əməkdaşlıqda olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin inkişafına çalışmalıyıq. Hər iki ölkənin zəngin mədəniyyətinin qarşılıqlı olaraq təbliğinə töhfə verəcək layihələr həyata keçirilməlidir".

Nazir bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu il dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi qeyd edilir: “Orta əsrlər Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamış Məhəmməd Füzuli öz əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazıb. Onun zəngin yaradıcılığı nəinki Azərbaycanda, bütün dünyada məşhurdur. Məhəmməd Füzulinin 530 illik yubileyinin ölkəmizdən kənarda ilk dəfə Qətər Milli Kitabxanasında keçirilməsi böyük əhəmiyyət kəsb edir, rəmzi məna daşıyır”.

Nazir çıxışının sonunda Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilində zəhməti keçən hər kəsə minnətdarlığını bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxış edərək iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında məlumat verib. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin kitabxana sahəsində də əlaqələrin dərinləşməsinə vəsilə olacağını deyib. Həmçinin akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami” kitabı haqqında məlumat verərək bildirib ki, XII yüzillikdə yaşayıb-yaratmış Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir dühalardandır:

“Böyük Azərbaycan şairi Nizami” kitabı dünyanın bir sıra dillərinə tərcümə olunub. 1940-cı ildə yazılmış bu fundamental elmi əsərin ərəb dilinə tərcümə edilməsi böyük ərəb dünyasının dahi Azərbaycan şairi və mütəfəkkirini daha yaxından tanımasına öz töhfəsini verəcək”. 

Sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunan videomaterial nümayiş etdirilib. 

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Məhəmməd Füzuli yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında söz açıb, onun türk-islam dünyasında ədəbi düşüncəyə təsirindən danışıb. 

Daha sonra muğam triosunun ifasında musiqi nömrələri səsləndirilib. Gənc xanəndələrin təqdim etdiyi muğam və təsniflər alqışlarla qarşılanıb. 

Tədbir iştirakçıları “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar. Qonaqlar, həmçinin milli şirniyyatlarımızın dadına baxıblar.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan Mədəniyyəti Günləri fevralın 24-ə qədər davam edəcək.

https://qafqazinfo.az/news/detail/qeterde-qedim-koklere-malik-azerbaycan-medeniyyeti-adli-kitab-sergisi-fotolar-428090

icon

Foto qalereya