close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “10 May – Ümummilli lider Heydər Əliyevin doğum günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

08-05-2021

May ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 10 May – Ümummilli lider Heydər Əliyevin doğum günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Ulu Öndər haqqında görkəmli şəxslərin fikirləri, haqqında materiallar, fotolar, Heydər Əliyev irsi, onun Azərbaycan tarixində, mədəniyyətində, elmin inkişafında rolu haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyevin_dogum_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Müstəqil Azərbaycan yaşadıqca, Ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.