close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada yeni çap olunan “Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabının təqdimat mərasimi keçirilib

29-09-2021

Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xatirə kitabı Redaksiyası və Milli Kitabxananın birgə təşkilatçılığı ilə yeni çap olunan “Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq ilk öncə tədbir iştirakçılarını salamlayıb. O, bildirib ki, biz Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük müharibənin başlanılması ilə əlaqədar Anım gününü qeyd etdik. Sonra Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Direktor vurğulayıb ki, heç bir zəfər, azadlıq qansız, qurbansız başa gəlmir. Çox təəssüflər olsun ki, 44 günlük Haqq savaşımızda biz də çoxsaylı şəhidlər verdik. Bizim bugünki müstəqilliyimiz, tarixi torpaqlarımızın erməni işğalından azad olunması onların canı, qanı bahasına başa gəlib. Nə qədər ki, Azərbaycan dövləti,  xalqı var, biz onları heç vaxt unutmayacağıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə Azərbaycanın necə mərd, döyüşkən xalq olduğunu dünyaya bir daha sübut etdi.

Direktor onu da qeyd edib ki, Tarixi Böyük Zəfər ərəfəsində “Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabının nəşri təqdirəlayiq addımdır. O, vurğulayıb ki, Xatirə Kitabı Redaksiyasının yaradılması bilavasitə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə bağlıdır. Məhz onun qərarı ilə yaradılmış redaksiya yarandığı gündən bugünə kimi, çoxsaylı xatirə kitablarını nəşr edib ictimaiyyətə çatdırmışdır. Çıxışının sonunda K.Tahirov bu kitabın nəşrə hazırlanmasında əməyi keçən bütün əməkdaşlara təşəkkürünü bildirərək belə kitabların böyük ürək ağrısı ilə, hətta göz yaşları ilə yazıldığını qeyd edib.

 Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək bildirib ki, biz sentyabrın 27-də tarixi bir gün yaşadıq. 44 günlük müharibə zamanı öz qanını, canını qurban verən şəhidlərimizin anım gününü qeyd etdik. Xatirə Kitabı Redaksiyası Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində İkinci dünya müharibəsində, hərbi münaqişələrdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılıb. Redaksiya yarandığı gündən bugünə kimi şəhidlərimiz haqqında çoxsaylı kitablar nəşr edib. II Qarabağ müharibəsində də biz çoxsaylı şəhidlər verdik. Və biz onların adını daim yaşatmaq məqsədilə “Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabının nəşrini vacib bildik. N.Məmmədova çıxışı zamanı bildirib ki, kitabın 3 cilddə nəşri planlaşdırılır. Hazırda ilk cildi nəşrdən çıxan kitaba 1200-ə yaxın şəhidin adı, soyadı, onlar haqqında məlumatlar daxil edilib. Sonda o, vurğulayıb ki, belə nəşrlərin olması gələcəyə parlaq bir töhfədir.

icon

Foto qalereya