close
icon E-kataloq və kitabxana

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ekspozisiyanın açılışı, mövzu ilə əlaqədar Virtual sərgi və Elektron məlumat bazasının təqdimatı keçirilib

01-10-2025

Milli Kitabxana 1 oktyabr tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində  “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ekspozisiyanın açılışını, mövzu ilə əlaqədar Virtual sərgi  və Elektron məlumat bazasının təqdimatını keçirib.

Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova ekspozisiyada Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin dahi siyasəti, müasir və müstəqil Azərbaycan dövlətinin qurulması, dövlətin əsas Qanunu – Azərbaycan Respublikasının Konstitusiyası, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi Zəfər, ərazi bütövlüyünün və suverenliyin tam bərpası, dövlət başçımızın müdrik və uzaqgörən siyasəti, Şuşa şəhəri haqqında, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəylinin 140, Xalq şairi Bəxtiyar Vahabzadənin 100, Fikrət Qocanın, Yusif Səmədoğlunun, Maqsud İbrahimbəyovun 90, Seyid Əzim Şirvaninin 190 illik yubileyləri ilə əlaqədar, Milli Kitabxananın Qızıl fondundan, Milli Kitabxananın nəşrlərindən, süni intellekt və digər mövzulardan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatların nümayiş olunduğunu diqqətə çatdırıb.

Ekspozisiyanın açılışında çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi Şöbəsinin müdiri, yazıçı-publisist Vasif Qurbanzadə Milli Kitabxananın fəaliyyətində uğurlar arzulayaraq onu kitabları qoruyub saxlayan məbəd adlandırıb. O, qeyd edib ki, belə tədbirlər kitab mədəniyyətinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.  

Qeyd edək ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, Ulu Öndərin Şah əsəri - Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması haqqında və s. dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/2025-Konstitusiya_ve_Suverenlik_Ili/index.htm linkindən istifadə edə bilərlər.

“Rəsmi sənədlər”,  “Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi”, “Görkəmli şəxslərin Konstitusiya haqqında fikirləri”, “Dövlət rəmzləri”, “Azərbaycan Respublikasının Konstitusiyası”, “Azərbaycan Respublikasının Konstitusiya Qanunları”, “Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası”, “Böyük Qayıdış”, “Nəşrlər”, “Fotoqalereya”,  “Videoqalereya” bölmələrindən ibarət elektron məlumat bazasında  materiallar tam mətnləri ilə nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Konstitusiya_suverenlik/index.html linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya