close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Akif Hacıyev” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

10-12-2022

Bu il Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan, görkəmli riyaziyyatçı alim, akademik Akif Hacıyevin 85 illik yubileyi tamam olur.

Akif Hacıyev 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetində (indiki – Bakı Dövlət Universiteti) təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi başlamışdır. 1961-1967-ci illərdə elmi katib, 1967-1978-ci illərdə baş elmi işçi, 1978-1992-ci illərdə Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri olmuşdur.

O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləmiş, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur.

A.Hacıyev qeyri-məhdud oblastlarda bir və çoxdəyişənli funksiyaların xətti müsbət operatorları ardıcıllıqlar ilə çəkili fəzalarda yaxınlaşması nəzəriyyəsini qurmuş, analitik funksiyalar fəzalarında xətti k-müsbət operator anlayışı vermiş və bu operatorların müxtəlif oblastlarda analitik funksiyaların yaxınlaşmasında mühüm rolunu göstərmişdir. O, çoxölçülü sinqulyar inteqralların simvollarının hamarlıq nəzəriyyəsini yaratmış, onun Furye multiplikatorları nəzəriyyəsində tətbiqini öyrənmiş, çoxdəyişənli tam funksiyaların indikator diaqramları vasitəsilə Bernşteyn tipli bərabərsizlikləri isbat etmişdir. Harmonik analizin mühüm operatorları sayılan Riss və Bessel potensiallarının kritik nöqtələrdə approksimativ xassələrini tədqiq etmişdir. Onlar üçün ikiçəkili bərabərsizliklər isbat etmişdir.

Akademik 100-dən çox elmi əsərin və 4 monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında riyaziyyat üzrə 27 fəlsəfə və 1 elmlər doktoru hazırlanmışdır. O, “Rəşadətli əməyə görə” medalı, “Əmək veteranı” medalı, “Şöhrət” ordeni ilə təltif olunmuşdur. 2005-ci ildə Əməkdar elm xadimi, 2006-cı ildə Universal peace Federation and İnterrelations and İnternational Federation for World peace tərəfindən Ambassador for peace (sülh səfiri) adı verilmişdir.

Görkəmli akademikin 85 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Akif Hacıyev” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə akademikin elmi əsərləri, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Akif_Haciyev/index.htm linkindən istifadə edə bilərlər.

Eyni zamanda Milli Kitabxanada akademik Akif Hacıyevin həyat və yaradıcılığını əhatə edən ənənəvi kitab sərgisi də açılıb. Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.