close
icon E-kataloq və kitabxana

Azərbaycan nümayəndə heyəti Britaniya Milli Kitabxanasında olub

13-03-2024

Martın 13-də Londonda keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri Britaniya Milli Kitabxanasında olub və kitabxananın baş direktoru Roly Keatinglə görüşüb.

Roly Keating Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirovla ötən ilin iyununda  Parisdə CENL-in illik toplantısında görüşündən və 2013-cü ildə Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyində iştirakı zamanı Bakıda keçirdiyi unudulmaz günlərdən, Azərbaycan xalqının qonaqpərvərliyindən, Bakının gözəlliyindən, milli mətbəximizin nümunələrindən söhbət açıb. Uzun illərin dostu prof. Kərim Tahirovu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələrini görməkdən məmnun olduğunu bildirib. 

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov görüş üçün təşəkkürünü bildirib. Əlavə edib ki, ölkələrimiz arasında mövcud olan qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasına əsaslanaraq milli kitabxanalar arasında qarşılıqlı əməkdaşlığın genişlədirilməsi vacibdir. Azərbaycan və Böyük  Britaniya Milli Kitabxanaları arasında əməkdaşlığa dair memorandumun imzalanması məqsədilə təkliflərini Britaniya Milli Kitabxanasının direktoruna təqdim edib. Eyni zamanda Kərim Tahirov Britaniya Milli Kitabxanasında görkəmli Azərbaycan şairləri N.Gəncəvinin, M.Füzulinin, X.Şirvaninin, Xətainin, M.Hadinin və digər klassiklərimizin qiymətli əlyazmalarının saxlandığına diqqət çəkərək onların tədqiqi və elektron nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsinə dəstək göstərməyi xahiş edib.

Çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşaviri Elçin Mustafayev Britaniya Milli Kitabxanasına təşəkkür edərək bu il may ayının əvvəllərində Bakıda böyük bir Beynəlxalq Mədəniyyət Tədbirinin – “VI Bakı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu"nun keçiriləcəyini bildirib və kitabxana heyətini Mədəniyyət Nazirliyinin rəhbərliyi adından həmin tədbirə dəvət edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri Akif Marifli  hörmətli direktor Roly Keatingə təşəkkür edib və onu may ayında Bakıda keçiriləcək “Beynəlxalq Forum”da görməkdən şad olacaqlarını bildirib. 2024-cü ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin keçiriləcəyini nəzərə alaraq böyük şairin Britaniya Milli Kitabxanasında saxlanılan əlyazmalarının elektron variantının Azərbaycan Milli Kitabxanasına verilməsinə dəstək göstərməyi xahiş edib.

Görüşün sonunda nümayəndə heyəti Britaniya Milli Kitabxanası ilə tanış olublar.