close
icon E-kataloq və kitabxana

Latviya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya Azərbaycan Milli Kitabxanasında qonaq olub

06-11-2023

Noyabr ayının 6-da Latviya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya Milli Kitabxananın qonağı olmuşdur.

               Görüş zamanı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağı salamlamış, onu kitabxanada görməkdən məmnun olduğunu vurğulamışdır. Direktor cənab səfirə Azərbaycan Milli Kitabxanası, eləcə də kitabxanada fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq zalında açılan Latviya daimi guşəsi haqqında məlumat vermiş, Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalandığından, beynəlxalq kitab mübadiləsi və ikitərəfli tədbirlərin təşkilindən, digər əməkdaşlıq münasibətlərindən və həyata keçirilən beynəlxalq kitab mübadiləsindən söz açmışdır.

Səfir Edqars Skuya Azərbaycan Milli Kitabxanasını  ilk dəfə ziyarət etdiyini və burada olmaqdan məmnun olduğunu qeyd etmişdir. O, professor Kərim Tahirov başda olmaqla bütün kitabxana kollektivini Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə təbrik etmiş və ölkələrimiz arasında istər siyasi, istərsə də mədəniyyət sahəsində mövcud olan sıx beynəlxalq əməkdaşlıq münasibətlərindən qürur hissi duyduğunu vurğulamışdır.

Görüş çərçivəsində cənab səfir “Heydər Əliyev” guşəsini ziyarət etmiş və burada nümayiş olunan kitablarla tanış olmuşdur.

Direktor Kərim Tahirov Beynəlxalq Əməkdaşlıq zalında fəaliyyət göstərən Latviya daimi guşəsində nümayiş olunan kitabların daim yeniləndiyini və hər zaman oxucuların diqqət mərkəzində olduğunu cənab səfirə söyləmişdir.

Daha sonra səfir Beynəlxalq Əməkdaşlıq zalında fəaliyyət göstərən  Latviya daimi guşəsində nümayiş olunan kitablarla tanış olmuşdur. O, bu kitablar vasitəsilə azərbaycanlı oxucuların Latviyanın tarixi və mədəniyyəti haqqında məlumat əldə edə bilməsinin vacibliyini qeyd etmişdir.

Sonda səfir Edqars Skuya Latviya Milli Kitabxanası adından Azərbaycan Milli Kitabxanasına Latviya Respublikasının ədəbiyyatını, tarixini, mədəniyyətini və s. əks etdirən kitablar hədiyyə etmişdir.

Professor Kərim Tahirov da öz növbəsində qonağa Milli Kitabxana adından “Bakı simfoniyası”, “Azərbaycan Milli Kitabxanası” və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitabları hədiyyə etmişdir.

icon

Foto qalereya