close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib

26-02-2024

26 fevral tarixində Milli Kitabxanada Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib. İlk olaraq Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin şikəst edildi, 1275 nəfər isə əsir götürüldü.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir. Məhz buna görə Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutmalı, onları ehtiramla yad etməlidir.

Sonda Xocalı faciəsinə həsr olunmuş kitab sərgisi ilə yaxından tanışlıq olub.

icon

Foto qalereya