close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Professor Düsen Kaseinov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

10-03-2022

Bu gün TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinovun 75 illik yubileyi tamam olur.

TÜRKSOY türkdilli xalqların sahib olduğu mədəniyyətin dünyaya tanıdılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı effektiv fəaliyyət göstərməklə bu xalqlar arasında həmrəyliyin daha da güclənməsində mühüm rol oynayır. Düsen Kaseinovun yorulmaz fəaliyyəti nəticəsində TÜRKSOY türkdilli xalqların mədəniyyətlərinin təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda əhəmiyyətli tədbirlər həyata keçirib.

Düsen Kaseinov sülhün, inkişaf və tərəqqinin, dostluq və qardaşlığın, insanların rahat yaşayışının təmin olunmasının tərəfdarıdır. Dünyanı sülh, inkişaf və tərəqqi yolunda görmək onun həyat amalıdır. Bunun üçün mədəniyyətlər, dinlər və təriqətlər arasında dialoq və inteqrasiya tərəfdarıdır. Məhz elə buna görə də məqsədyönlü fəaliyyətinə görə ayrı-ayrı dövlətlərin orden və medalları ilə təltif olunub. O, təkcə Qazaxıstanın sevimlisi deyil. Dünya mədəniyyətinin inkişafına verdiyi töhfələrə, sülhsevər mədəni layihələrinə görə 2007-ci ildə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunan D.Kaseinov beş il sonra – 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə mükafatlandırılıb. Həmçinin, Azərbaycan Respublikası Prezidenti tərəfindən D.K.Kaseinov TÜRKSOY-da səmərəli fəaliyyətinə və təşkilatın üzv dövlətləri arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.

TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinovun 75 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, fotolar, TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinovun səmərəli fəaliyyəti haqqında yazılan kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Dusen_Kaseinov/index.htm linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi, professor Düsen Kaseinovu 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, daha uca zirvələrdən görünməyi arzulayır.