close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

13-11-2026

Azərbaycan Milli Kitabxanasında “13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə əlamətdar günün tarixi və əhəmiyyətini, görmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını, onların təhsil, informasiya və mədəni resurslardan bərabər istifadə imkanlarını əks etdirən Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, eləcə də dövri mətbuatda dərc edilmiş məqalələr nümayiş etdirilir.

Virtual sərgi ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://anl.az/el/vsb/Beynelxalq_Gozden_Eliller_Gunu_13_noyabr/index.htm

Hər il 13 noyabr tarixində qeyd olunan Beynəlxalq Gözdən Əlillər Günü görmə məhdudiyyətli şəxslərin təhsili sahəsində mühüm xidmətləri olmuş fransız pedaqoqu və xeyriyyəçisi Valentin Qayuinin (Valentin Haüy) adı ilə bağlıdır. 1745-ci il noyabrın 13-də Fransanın Amyen şəhəri yaxınlığında anadan olmuş Valentin Qayui tiflopedaqogikanın inkişafına, görmə məhdudiyyətli şəxslər üçün xüsusi təhsil sisteminin formalaşmasına və relyefli yazı üsullarının tətbiqinə əhəmiyyətli töhfələr vermişdir. Bu əlamətdar gün görmə məhdudiyyətli şəxslərin hüquqlarının müdafiəsi, onların sosial inklüzivliyinin təmin edilməsi və cəmiyyətin diqqətinin mövcud problemlərə yönəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda da görmə məhdudiyyətli şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin olunması istiqamətində mühüm təşəbbüslər həyata keçirilir. Bu baxımdan 2007-ci il dekabrın 9-da Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmə qabiliyyətini itirmiş və zəif görən şəxslərin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarının artırılmasına dair imzalanmış razılaşma xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda görmə məhdudiyyətli şəxslərin həyat şəraitinin yaxşılaşdırılması, sosial adaptasiyasının dəstəklənməsi və ictimai-mədəni həyata inteqrasiyası istiqamətində müxtəlif dövlət və ictimai təşəbbüslər reallaşdırılır.

Bu sahədə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Görmə məhdudiyyətli şəxslərin kitabxana-informasiya xidmətləri ilə təmin edilməsində ixtisaslaşmış kitabxana müəssisələrinin xüsusi rolu vardır. 1981-ci il iyunun 1-də Korlar Cəmiyyətinin təşəbbüsü ilə fəaliyyətə başlamış Mərkəzi Respublika Korlar Kitabxanası görmə məhdudiyyətli şəxslərin mütaliə və informasiya tələbatının ödənilməsinə xidmət edir. Kitabxana tərəfindən istifadəçilərə müvafiq kitabxana-informasiya xidmətləri, o cümlədən hərəkət imkanları məhdud olan şəxslərə səyyar xidmət göstərilir.

Bu istiqamətdə həyata keçirilən təşəbbüslər görmə məhdudiyyətli şəxslərin informasiya və mədəni sərvətlərdən bərabər istifadə hüququnun təmin edilməsinə, inklüziv informasiya mühitinin formalaşdırılmasına və cəmiyyətin maarifləndirilməsinə mühüm töhfə verir.

icon

Foto qalereya