close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günüdür” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

12-11-2022

13 Noyabr – Beynəlxalq Gözdən Əlilllər Günü kimi qeyd olunur.

Beynəlxalq Gözdən Əlillər Günü Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqəti cəlb etmək məqsədilə yaradılmışdır.  

Günün məhz bu tarixdə qeyd olunması görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə bağlıdır.

O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün “işləyən korların emalatxanası”nı açmışdır. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilmişdir.

Onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə kor uşaqlara oxu öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olmuşdur. Gözdən əlil uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına da yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurmuşdur. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.

Azərbaycanda Gözdən Əlillər Cəmiyyəti 2002-ci ildən fəaliyyət göstərir. 1981-ci il iyunun 1-də cəmiyyətin təşəbbüsü ilə həmin cəmiyyətin tabeliyində “Mərkəzi Respublika Korlar Kitabxanası” fəaliyyətə başlayıb. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə ktabxana-informasiya xidməti göstərməkdir.

Beynəlxalq Gözdən Əlilllər Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günüdür” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.   

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Gozden_Eliller_Gunu_13_noyabr/index.htm linkindən istifadə edə bilərlər.