close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “17 Noyabr – Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

16-11-2026

Azərbaycan Milli Kitabxanasında “17 Noyabr – Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə Azərbaycan xalqının milli azadlıq mübarizəsini, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını, ölkəmizin çoxəsrlik tarixini, milli oyanış və müstəqillik hərəkatını, dövlətçilik ənənələrinin inkişafını, milli özünüdərk proseslərini, xalqımızın mənəvi dəyərlərini, eləcə də Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını əks etdirən Azərbaycan və xarici dillərdə nəşrlər nümayiş olunur.

17 noyabr 1988 ci il – Ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq Bakıdakı Lenin (indiki Azadlıq) meydanında kütləvi mitinqlər başlanıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycanın tarixinə milli dirçəliş hərəkatı kimi düşüb. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib.

17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində mühüm yer tutur. Bu əlamətdar gün xalqımızın milli özünüdərk prosesinin güclənməsini, azadlıq və müstəqillik ideyalarının geniş ictimai xarakter almasını təcəssüm etdirir. Milli Dirçəliş hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi proseslərin mühüm mərhələlərindən biri olmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün siyasi fəaliyyəti boyunca milli dövlətçilik ideyalarına, xalqın azadlıq və müstəqillik amalına sadiq qalmışdır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etmiş, 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin təmin olunması, dövlətçilik institutlarının möhkəmləndirilməsi və müstəqil Azərbaycanın davamlı inkişafının əsaslarının formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan ərazilərin böyük hissəsini azad etmiş, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi Qələbə qazanılmışdır. 2023-cü il sentyabrın 19–20-də Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edilmişdir. Bu tarixi hadisələr ölkəmizin müstəqillik və dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur.

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni perspektivlər açmışdır. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir infrastruktur obyektləri yaradılır, yaşayış məntəqələri bərpa olunur və əhalinin doğma yurdlarına qayıdışı təmin edilir. Həyata keçirilən bu tədbirlər işğaldan azad olunmuş ərazilərin ölkənin ümumi sosial-iqtisadi inkişaf prosesinə inteqrasiyasına mühüm töhfə verir.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və inkişaf strategiyasını davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirmiş, regional əməkdaşlıq və strateji əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində fəal iştirak edən dövlətə çevrilmişdir.

17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın milli birliyinin, azadlıq iradəsinin və müstəqil dövlətçilik ənənələrinə sədaqətinin rəmzi kimi ölkəmizdə hər il böyük ehtiram və qürur hissi ilə qeyd olunur.

icon

Foto qalereya