18-09-2026
18 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycanın zəngin musiqi mədəniyyətinin və milli musiqi irsinin təbliği məqsədilə hər il 18 sentyabr tarixində qeyd olunan Milli Musiqi Günü münasibətilə “18 Sentyabr – Milli Musiqi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar, Azərbaycan musiqi sənətinin təşəkkül və inkişaf tarixi, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, Milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti, Azərbaycanın milli musiqi alətləri və s. haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.
2025-ci il fevralın 3-də Prezident İlham Əliyev Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 iliyi münasibətilə Sərəncam imzalayıb.
18 sentyabr – Musiqiyə çevrilən gün. Hər il sentyabrın 18-i Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini Ulu Öndər Heydər Əliyev qoyub. Ümummilli Liderin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcluyuq.
Üzeyir Hacıbəyli kimi dəyərli musiqiçilərin irsini yaşatmaqla yanaşı, bu gün Azərbaycan musiqisinin zənginliyini və mədəni dəyərlərini geniş auditoriyaya tanıdır. Musiqi təhsili, ictimaiyyətin maarifləndirilməsi və beynəlxalq mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi baxımından bu günün keçirilməsi ölkənin mədəni həyatında əhəmiyyətli bir yer tutur, Azərbaycanın musiqi mədəniyyətinin gələcəyini işıqlandırır.
Artıq Milli Musiqi Günü xüsusi ab-hava ilə, qələbə ovqatında qeyd olunur. “Dəmir yumruq”ətrafında birləşən xalqımız 44 günlük Vətən müharibəsində Şanlı zəfərə imza atdı, Müzəffər Ordumuz 30 il erməni tapdağında qalan torpaqlarımızı, o cümlədən Üzeyirin vətənini- Şuşanı azad etdi. Qələbədən sonra kərpic-kərpic qurulan Qarabağda dahi bəstəkarın büstü Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yenidə ucaldıldı, ölümsüz bəstəkarın əsərləri illər sonrada yenidən doğma yurdunda səsləndi, Şuşanın dağlarına bəstəkarın təkrarsız nəğmələri hopdu. Qarabağ bu gün böyük mədəniyyət tədbirlərinə-“Xarıbülbül” Musiqi Festivalına, “Vaqif Poeziya Günlərinə” evsahibliyi edir, şəhərlərimizin işğaldan azad olunduğu günlər bayram ovqatında qeyd olunur. Belə möhtəşəm tədbirlərdə xalqımızın zəngin xəzinəsi, mənəvi sərvəti sayılan Üzeyir Hacıbəylinin əsərləri təkrar-təkrar ifa edilir, alqışlarla qarşılanır.