close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

05-02-2026

5 fevral 2025-ci il tarixində Milli Kitabxanada görkəmli biblioqrafiyaşünas alim, pedaqogika üzrə fəlsəfə doktoru, Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılovun  anadan olmasının 70 illik yubileyi münasibətilə “Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı  virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə alimin biblioqrafiya, biblioqrafiyaşünaslıq, biblioqrafiyaşünaslığın tədrisi metodikasına dair dərslik və dərs vəsaitləri,  monoqrafiyaları, elmi məcmuələrdə çıxan çoxsaylı tədqiqatları, ön sözünün müəllifi, rəyçi və redaktoru olduğu kitablar, tərtib etdiyi biblioqrafiyalar və s. Azərbaycan və xarici dillərdə resurslar nümayış olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Nadir_Ismayilov/index.htm linkindən istifadə edə bilərlər.

Nadir İslam oğlu İsmayılov 1956-cı il fevral ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli kəndində anadan olub. 1973-cü ildə Şahsevən kənd 1 saylı orta məktəbi bitirib. 1974-1979-cü ildə indiki BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində ail təhsil alıb.

1979-cu il sentyabr ayının 5-dən dekabr ayının 30-dək M.F. Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) Elmi-metodiki şöbəsində böyük kitabxanaçı vəzifəsində çalışıb. 1979-1982-ci illərdə BDU-nun Biblioqrafiya kafedrasının (indiki Sənəd menecmenti kafedrası) əyani aspirantı olub. 1982-ci ildən həmin kafedrada müəllim, 1988-ci ildən baş müəllim, 1992-ci ildən dosent kimi fəaliyyət göstərib, 1994-2003-cü illərdə fakültədə dekan müavini olub. 2007-ci ildən kafedra müdiri vəzifəsinə təyin edilib. Fakültədə Azərbaycanda təbabətin biblioqrafiyası, biblioqrafiyaşünaslıq, biblioqrafiyaşünaslığın tədrisi metodikası, ixtisasa giriş, arxiv işinin əsasları və s. fənləri tədris edir.

1987-ci ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Təbabət üzrə məhəlli kitabxana-biblioqrafiya ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları əsasında)” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsini alıb.

150-dən çox məqalənin, 3 dərslik və dərs vəsaitinin, 34 monoqrafiyanın, 12 kitabın müəllifidir. Bunlardan “Azərbaycan biblioqrafiyasının biblioqrafiyası” (2003), “Xəzər dənizi və neft” (2003), “Kitabxanada biblioqrafik tərtibatın metodikası” (2004), “Heydər Əliyev və Azərbaycan elmi” (2010), “Kitabxanada ölkəşünaslıq üzrə biblioqrafik fəaliyyətin təşkili” (2004), "Kitabxanalarda biblioqrafik işin təşkili və metodikası" (2018), "Azərbaycanda kitabxanaçılıq-biblioqrafiya sahəsində sənəd axınının təşəkkülü, inkişafı və müasir vəziyyəti" (2021), "Rəqəmsal bilik və tədqiqat bacarıqları" (2022), "Sənədşünaslıq" (2025) adlı vəsaitlər xüsusilə əhəmiyyətlidir.

2013-cü ildə Almaniyanın “Lambert” akademik nəşriyyatında “Azərbaycanın kitabxana-biblioqrafiya və informasiya resursları: inkişaf mərhələləri, vəziyyəti və təkmilləşdirilməsi yolları” adlı monoqrafiyası rus dilində çap olunub. Son 5 ildə onun 50 məqaləsi beynəlxalq xülasələndirmə bazasında indekslənən jurnallarda çap olunub. Hazırda H-indeksi 22-dir.

Nadir İsmayılov 2014-cü ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilib. 2015-ci ildə Azərbaycan Kitabxana Ensiklopediyasının hazırlayan işçi qrupunun üzvü olub.

Bir sıra respublika və beynəlxalq konfranslarda iştirak edib. Elmi məsləhətçiliyi ilə 4 fəlsəfə doktoru hazırlanıb, 3 doktorantın dissertasiya işi müzakirəyə təqdim edilib, 4 doktorantın rəsmi opponenti olub.

Nadir İsmayılov Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə, Fəxri fərmanla, Bakı Dövlət Universitetinin Fəxri fərmanı ilə, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub. 2023-cü ildə Bakı Dövlət Universitetində əməkdaşlar arasında 27 Mart – Elm Gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələrinə əsasən “Humanitar və ictimai elmlər” nominasiyası üzrə I yerə layiq görülub.

icon

Foto qalereya