24-06-2026
24 iyun 2026-cı il tarixində Milli Kitabxanada “26 iyun – Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya və narkobiznes haqqında dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar və kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Narkomaniyaya_qarsi_Mubarize_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparılmasından bəhs edən ədəbiyyatlar, “Psixoaktiv maddələrdən istifadənin risk amilləri", "Asılı davranışın inkişafına yeniyetmənin yaş xüsusiyyətlərinin təsiri", "Yeniyetmələrdə psixoaktiv maddələrdən asılılığın formalaşma mərhələləri", "Psixoaktiv maddələrdən istifadənin əsas əlamətləri", Azərbaycanda yayılmış psixoaktiv maddələr və onların sağlamlığa zərərli təsiri və s. mövzularda məlumat - təbliğat xarakterli kitablar nümayiş olunur.
26 iyun – Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü 1987-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib. Bu əlamətdar günün əsas məqsədi qlobal ictimaiyyətin diqqətini narkotik vasitələrin qanunsuz dövriyyəsi və asılılıqla bağlı təhlükələrə yönəltmək, sağlam həyat tərzini təbliğ etməkdir.
Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalayıb və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyulub. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanıb, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunub.
Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapır. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini verir.
Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.