06-06-2026
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında incəsənət ustalarımızın iştirakı ilə möhtəşəm qala konsert təşkil olunub.
Konserti Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova, iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli, mədəniyyət, elm xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.
Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova çıxış edərək iki ölkə arasında əlaqələrin köklü tarixə malik olduğunu bildirib.
Deyib ki, Türkmənistan ilə Azərbaycanı birləşdirən çox amillər var. Lakin bunların arasında mədəniyyət amili xüsusi əhəmiyyət kəsb edir. Bahar Seyidova Azərbaycanın incəsənət ustalarına uğurlar arzulayıb.
Mədəniyyət naziri Adil Kərimli çıxışında Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin hökumətinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr ildən-ilə inkişaf edir. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi mədəni əlaqələrin daha da dərinləşməsinə böyük töhfə verir. Sonra səhnə incəsənət ustalarımızın ixtiyarına verilib.
Konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Gülyaz və Gülyanaq Məmmədovalar, Faiq Ağayev, Əməkdar artist Gülüstan Əliyeva, solistlər Nərmin Nərimanlı, Rəvanə Qurbanova, Samirə Rəcəbli, Əmrah və Aişə Orucovlar, Fatimə Cəfərzadə, Röya Mürsəlova və Sahib İsmiyev çıxış ediblər.
Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (dirijor: Mustafa Aşurov), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə), “Savalan” qrupu rəngarəng musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıblar.
Türkmən xalq mahnılarının da yer aldığı proqram tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Azərbaycanın zəngin musiqi və rəqs mədəniyyətinin yüksək səviyyədə təqdim olunduğu gecə türkmən tamaşaçılarına unudulmaz sənət zövqü yaşadıb.