close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycan bədii fikrinin görkəmli siması – Xan qızı Xurşidbanu Natəvan” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim edilib

24-05-2022

Bu il Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan, Şərq poetik ənənələrinə sədaqətilə seçilən, daim bu ruhda yazıb-yaradan, insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və incə bədii boyalarla zəngin bir irs qoyub getmiş Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.

O, XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairləri arasında çox yüksək məqam sahibi idi. Adının hər zaman böyük hörmətlə xatırlanması, mənəvi irsinə verilən yüksək dəyər şairin ədəbi yaradıcılığı ilə yanaşı, həm də ictimai fəaliyyətindən irəli gəlirdi. Onun başçılıq etdiyi ədəbi məclislər ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir.

Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan bədii fikrinin görkəmli siması – Xan qızı Xurşidbanu Natəvan” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Prezident İlham Əliyevin Xan qızının xatirəsinin əbədiləşdirilməsinə diqqəti”; “Həyat və yaradıcılığının əsas tarixləri”; “Görkəmli şəxsiyyətlər Xurşidbanu Natəvan haqqında”; “Əsərləri”; “Haqqında”; “Xatirəsinin əbədiləşdirilməsi”; “Filmoqrafiya”; “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/X.Natevan/index.html linkindən istifadə edə bilərlər.