close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “2 avqust – Azərbaycan Kinosu Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

02-08-2026

2 avqust 2026-cı il tarixində Milli Kitabxanada “2 avqust – Azərbaycan Kinosu  Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə Azərbaycan kino sənəti tarixi, kino salnaməsi, kino və teatr sahəsində bəstəkar və rejissorun yaradıcılıq işi, adları milli mədəniyyət tariximizə qızıl hərflərlə yazılmış kinomuzun təşəkkül tapmasında müstəsna xidmətləri olan sənətkarlarının, aktyorların, rejissorların, kinematoqrafçıların  həyatı və yaradıcılığı haqqında və s. monoqrafiyalar, dərsliklər, Azərbaycan  və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_kino_gunu/index.htmllinkindən istifadə edə bilərlər.

Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə üzləşən incəsənətin bu vacib sahəsi 1993-cü ildə onun hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1998-ci il 19 avqust tarixdə “Kinematoqrafiya haqqında” Qanun qəbul edildi, bununla da dövlət kinematoqrafiyasının hüquqi bazası yaradıldı. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondu yaradıldı, filmlərin qorunması təmin edildi.

Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

Bu gün Azərbaycan kinosu özünün yeni inkişaf mərhələsini yaşayır. Əlbəttə, hər bir sahə kimi kino sənətinə də dövlət qayğısı nəzərəçarpacaq dərəcədə hiss edilir. Dövlət tərəfindən ayrılan maliyyə yardımları ölkəmizin kino istehsalının daha da inkişaf edəcəyinə əminlik yaradır.  

Azərbaycan kinosu zamanın böyük sınaqlarından şərəflə çıxaraq xalqa xidmət yolunu tutub.

 

icon

Foto qalereya