close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası və Latviya Milli Kitabxanası arasında EU4Dialog layihəsi ilə bağlı onlayn görüş

28-02-2023

Fevralın 28-də Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli Kitabxanası arasında EU4Dialog layihəsi çərçivəsində onlayn görüş keçirilib. Onlayn görüş Qarabağda mədəniyyət müəssisələri və kitabxanaların yenidən qurulması ilə bağlı layihənin müzakirəsi ilə əlaqədar təşkil olunub. Təklif olunan layihənin 2 istiqaməti görüş iştirakçılarının nəzərinə çatdırılıb. Birinci istiqamət – praktiki tərəfdir və 3-4 həftə davam edəcək. Bu zaman Qarabağ kitabxanalarının təşkilində iştirak edəcək 2 mütəxəssisin dəvəti nəzərdə tutulur. İkinci istiqamət – yay məktəbi adlanır. 20 mütəxəssisin iştirakı ilə keçiriləcək yay məktəbinin 7-8 gün davam etməsi planlaşdırılır.

Görüş zamanı bildirilib ki, belə proyektləri işğaldan azad olunmuş torpaqlarımızda kitabxanaların yenidən qurulması üçün böyük dəstək hesab etmək olar. Qeyd edək ki, hazırda Azərbaycan Milli Kitabxanasında “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində işğaldan azad olunan torpaqlarda yaradılacaq kitabxanalar üçün artıq 100.000-dən artıq kitab toplanıb. İlk növbədə Zəngilanın Ağalı kəndində və Şuşa şəhərində kitabxanaların qurulacağı nəzərdə tutulur.

Onlayn görüş zamanı Azərbaycan Milli Kitabxanası tərəfindən ingilis-dilində hazırlanan “Erməni işğalından azad olunan bölgələrdəki Azərbaycan kitabxanalarının hazırkı vəziyyəti” mövzusunda slayd iştirakçılara təqdim edilib.

icon

Foto qalereya