close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında “14 fevral – Beynəlxalq kitab bağışlama günü” münasibətilə tədbir keçirilib

14-02-2024

14 fevral – Beynəlxalq kitab bağışlama günüdür. Bu gün dünyanın bir çox ölkələrində qeyd edilir və uşaqlara kitab bağışlayan, onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Bununla əlaqədar Azərbaycan Milli Kitabxanasıda “14 fevral – Beynəlxalq kitab bağışlama günü” adlı tədbir keçirilib.

Tədbirdə 189 -190 nömrəli tam orta məktəbin 2b sinif  şagirdləri və müəllimi Milli Kitabxananın  qonağı olub və “Beynəlxalq kitab bağışlama günü”nü qeyd ediblər. Şagirdlərə Milli Kitabxanaya ekskursiya təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Milli  Kitabxananın direktoru prof. Kərim Tahirov hamını salamlayıb, “Beynəlxalq kitab bağışlama günü” münasibətilə məktəbliləri təbrik edib və bildirib ki, bu bayram gənc nəsildə kitaba sevgi hissi yaradır, mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. 2012-ci ildən qeyd edilən bu bayramın ABŞ-da yarandığını və ölkəmizdə 2013-cü ildən qeyd olunduğunu qeyd edən prof. Kərim Tahirov çıxışı zamanı gələcəyimizin qurucuları olan uşaqların dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasını da xüsusi xatırladıb. Uşaqları kitab oxumağa, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyə dəvət edib. Professor onu da qeyd edib ki, kitab bağışlamaq gələcəyi gözəlləşdirmək, yeni nəslin üfüqlərini açmaq, daha gözəl bir ölkədə yaşamaq deməkdir. Bu baxımdan kitaba böyük məhəbbət və qayğı ilə yanaşan oxucularımızın olması sevindirici haldır.

Direktor mütaliədən keçən ömrün necə çiçəkləndiyini, necə dahi şəxsiyyətə çevrildiyinin ən gözəl nümunəsinin Ümummilli lider Heydər Əliyev olduğunu və Ulu Öndərin “Həyatda nə qazanmışamsa hamısına görə bu kitablara borcluyam” fikrini vurğuluyaraq böyük şəxsiyyət olmağın yolunun ancaq kitab mütaliə etməkdən keçdiyini söyləyib.

Kitabxananın direktor müavini tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova bu gün münasibətilə uşaqları təbrik edib və qeyd edib ki, kitab bilik mənbəyidir,  bütün görkəmli şəxsiyyətlər kitab oxumaqla məhşurlaşıblar və düşünürəm ki, siz də kitab oxumağı sevirsiniz çünki kitab bayramında bura gəlmisiniz biz də Milli Kitabxana olaraq hər zaman sizin yanınızdayıq.

Sonra məktəblilərə “Beynəlxalq kitab bağışlama günü” münasibətilə Milli Kitabxana direktoru tərəfindən kitablar hədiyyə edilib.

Müəllimə Nərgiz xanım burada təşkil olunan ekskursiyadan və tədbirdən  məmnun qalan şagirdlər  adından Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Sonda  “Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar məktəblilər tərəfindən şeirlər səsləndirilib.

“Beynəlxalq kitab bağışlama günü” münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi də hazırlanıb. Sərgi “online” rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.

Sərgi  ilə tanış olmaq istəyənlər:   https://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm

 

icon

Foto qalereya