close
icon E-kataloq və kitabxana

Azərbaycan və Qətər Milli Kitabxanaları arasında əməkdaşlıq genişlənir

15-01-2022

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov  Qətər Beynəlxalq Kitab sərgisində Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Tan Huism ilə görüşüb. Görüşdə Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri, tarix üzrə fəl.doktoru Akif Marifli, Azərbaycanın Qətərdəki Səfirliyinin əməkdaşı İdris Hüseynzadə iştirak etmişlər. Qətər Milli Kitabxanasının direktorunu salamlayan Kərim Tahirov qeyd etmişdir ki, hər iki dost ölkə arasında mövcud olan sıx əlaqələrə rəğmən 4 il öncə Qətər və Azərbaycan Milli Kitabxanaları arasında bağlanmış qarşılıqlı əməkdaşlığa dair memoranduma müvafiq olaraq informasiya, kitab və təcrübə mübadiləsi  həyata keçirilir, tədbirlərdə qarşılıqlı iştirak təmin olunur. Eyni zamanda Qətər Milli Kitabxanasında mövcud olan Azərbaycana dair qədim kitabların və əlyazmaların öyrənilməsinə böyük ehtiyac olduğunu vurğulayan direktor, belə bir imkanın yaradılmasını, habelə Qətər Milli Kitabxanasında  Azərbaycan guşəsinin və Azərbaycan Milli Kitabxanasında isə Qətərə dair guşənin yaradılmasını təklif etmişdir. Sonra çıxış edərək səfər üçün təşəkkür bildirən Qətər Milli Kitabxanasının direktoru xanım Tan Huism məmnuniyyətlə bu görüşü dəyərləndirdiyini və cənab Tahirovun irəli sürdüyü təklifə razı olduğunu bildirmiş, lakin Qətər Milli Kitabxanasında belə bir təcrübənin olmadığını bildirmiş və bu işi təşkil etmək üçün tədbirlər görəcəyinə söz vermişdir. Sonra çıxış edən A.Marifli Qətər Beynəlxalq Kitab Sərgisinin və Milli Kitabxananın ekspozisiyasının möhtəşəmliyindən və iştirakçıların çoxluğundan bəhs etmiş və Qətər Milli Kitabxanasını gələn il Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət etmişdir. Görüşün sonunda  K.Tahirov xanım Tan Huismə "Azərbaycan Milli Kitabxanası", "Nizami yurdu Gəncə", "Salam Azərbaycan", "Qarabağın qara kitabı"nı, habelə ərəb dilində nəşr olunmuş Y.Bertelsin "Böyük Azərbaycan şairi Nizami", "Dəmir yumruq. 44 günlük müharibə qəhrəmanları", "Azərbaycanın qadın ziyalıları" və digər kitabları hədiyyə etmişdir. Görüşdən sonra xanım Tan Huism qonaqları Qətər Milli Kitabxanasının ekspozisiyası ilə tanış etmişdir.

icon

Foto qalereya