18-06-2026
18 iyun 2026-cı il tarixində Milli Kitabxanada “18 iyun – Azərbaycanda İnsan Hüquqları Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə İnsan hüquqları haqqında beynəlxalq müqavilələr toplusu, İnsan hüquqları haqqında ümumi bəyannamə, Heydər Əliyevin siyasi-hüquqi irsi: hüquqi dövlət və insan hüquqlarının təminatı, gender bərabərliyi, insan alverinə qarşı mübarizə, uşaq hüquqları, şəxsi və ailə həyatına hörmət hüququ və s. mövzu ilə bağlı kitablar, dövri mətbuat səhifələrində dərc olunan materiallar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/18_iyun/index.html linkindən istifadə edə bilərlər.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi müasir hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi formalaşmış və müstəqillik dövründə dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilib.
Müstəqillik illərində insan hüquqları sahəsində həyata keçirilən siyasətin konseptual əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanmış hüquqi-siyasi islahatlara dayanır və Prezident İlham Əliyevin fəaliyyəti dövründə ardıcıl şəkildə inkişaf etdirilir.
1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya insan hüquqları sisteminin hüquqi əsasını təşkil edən fundamental sənəd kimi çıxış edib.
Konstitusiyanın mühüm xüsusiyyəti ondan ibarətdir ki, insan hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədi kimi təsbit edilmiş və sənədin əhəmiyyətli hissəsi bilavasitə hüquq və azadlıqlara həsr edilib. Bu müddəalar dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının müdafiəsi yönümündə formalaşmasına hüquqi və institusional baza yaradıb.
1998-ci il insan hüquqları siyasətinin inkişafında strateji mərhələ kimi qiymətləndirilir. Həmin il qəbul edilmiş “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkədə insan hüquqları üzrə ilk kompleks fəaliyyət sənədləri olub.
Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq inteqrasiyası da müstəqillik dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət 300-dən çox beynəlxalq müqaviləyə qoşulub, BMT, Avropa Şurası, Beynəlxalq Əmək Təşkilatı və digər qurumlarla əməkdaşlığı genişlənib.
Xüsusilə BƏT-in təxminən 70 konvensiyasına qoşulmaqla Azərbaycan beynəlxalq əmək hüquqları sistemində mühüm tərəfdaş kimi qəbul edilib. 1998-ci ildə BMT ilə imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi” Memorandumu da bu sahədə əməkdaşlığın mühüm elementi olub.
İnsan hüquqlarının qorunması sahəsində əldə edilmiş nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və ölkənin regionda insan hüquqlarına hörmət prinsiplərinin tətbiqi baxımından nümunəvi dövlətlərdən biri kimi tanınmasına şərait yaradıb.