12-10-2026
Azərbaycan Respublikası Prezidentinin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən görkəmli xalçaşünas alim, pedaqoq, sənətşünas, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyi münasibətilə “Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” (https://anl.az/el/emb/Letif_Kerimov/index.html ) adlı elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazasının yaradılmasında əsas məqsəd Azərbaycan xalçaçılıq sənətinin inkişafında müstəsna xidmətləri olan görkəmli sənətkarın zəngin elmi-bədii irsinin sistemli şəkildə toplanması, mühafizəsi, təbliği və geniş oxucu auditoriyasına çatdırılmasıdır.
Elektron məlumat bazasında rəsmi sənədlər, Lətif Kərimovun həyat və yaradıcılığı, görkəmli şəxslərin Lətif Kərimov haqqında fikirləri, elmi və pedaqoji fəaliyyəti, Azərbaycan xalçalarının ornamental və kompozisiya xüsusiyyətlərinin tədqiqi sahəsində fundamental araşdırmaları, haqqında nəşr edilmiş kitablar, elmi məqalələr, dövri mətbuat materialları, eləcə də foto və videolar öz əksini tapıb.
Hazırlanmış elektron resurs görkəmli sənətkarın çoxşaxəli fəaliyyətinin öyrənilməsi, Azərbaycan xalçaçılıq məktəblərinin elmi əsaslarla tədqiqi və milli mədəni irsimizin təbliği baxımından mühüm informasiya mənbəyidir.