close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “9 noyabr – Dövlət Bayrağı Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

07-11-2026

7 noyabr 2026-cı il tarixində Milli Kitabxanada “9 noyabr – Dövlət Bayrağı Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

 

Sərgidə Azərbaycan Respublikasının Dövlət Bayrağının zəngin tarixi, milli dövlətçilik ənənələri, müstəqillik uğrunda mübarizəyə və xalqımızın qazandığı tarixi Zəfərə həsr olunan kitablar Azərbaycan və xarici dillərdə nümayiş olunur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncama əsasən noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Milli suverenliyimizin simvolu kimi  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan edib. 

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

Bu gün müstəqil Azərbaycanın Dövlət bayrağı kimi üçrəngli bayrağımızın qəbul edilməsində ulu öndərin müstəsna xidmətləri olub.

Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.

Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. 

Azərbaycan bayrağı bu gün Qarabağda,  Şərqi Zəngəzurda dalğalanır. Möhtəşəm Azərbaycan bayrağı hər zaman ucalarda dalğalanacaq.

 

icon

Foto qalereya