21-04-2025
Aprelin 21-də Qırğızıstan Milli İncəsənət Muzeyində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ilk tədbir - "Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.
Mərasimdə Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Gülbara Abdıkalıkova, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, eləcə də İran, Pakistan və Özbəkistanın Qırğızıstandakı səfirləri və iki ölkənin mədəniyyət xadimləri, digər qonaqlar iştirak ediblər.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və qırğızıstanlı həmkarı Gülbara Abdıkalıkova çıxış edərək mədəniyyət günlərinin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələr zəngin tarixi yol keçib və əməkdaşlığın bundan sonra da inkişafı üçün davamlı səylər göstərilir.
Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib və qonaqlar ekspozisiya ilə tanış olublar.