close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası CENL-in Lüksemburqda keçirilən 40-cı illik iclasında təmsil olunur

15-06-2026

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Avropa Milli Kitabxanaları Konfransının (CENL) Lüksemburqda keçirilən növbəti illik iclasında iştirak edir. CENL Avropanın 45 ölkəsinin milli kitabxanalarını birləşdirən beynəlxalq təşkilatdır. Hər il ənənəvi olaraq müxtəlif ölkələrdə təşkil olunan toplantıya bu il Lüksemburq ev sahibliyi edir.

İlk günün açılışında CENL sədri Frank Scholze və ev sahibi Lüksemburq Milli Kitabxanasının baş direktoru Claude Conter iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıblar.

Salamlama nitqlərindən və bütün nümayəndələrin təqdim edilməsindən sonra CENL-in 2025-ci ildə Şotlandiya Milli Kitabxanasında keçirilən 39-cu illik iclasının protokolu və illik hesabatı müzakirə edilib. Təşkilatın maliyyə hesabatı və növbəti il üçün büdcəsi də müzakirə olunaraq səsverməyə qoyulub və qəbul edilib. Qərarların qəbulundan sonra təşkilatın fəaliyyət istiqamətlərinin gücləndirilməsi və qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi vurğulanıb.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirakçıları səmimi salamlayaraq beynəlxalq əməkdaşlığın, mədəni əlaqələrin möhkəmləndirilməsinin və milli kitabxanalar arasında təcrübə mübadiləsinin müasir kitabxanaçılıq işinin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, müxtəlif ölkələrin kitabxana mütəxəssislərinin bir araya gələrək bilik və təcrübələrini bölüşməsinin, yeni əməkdaşlıq imkanlarının yaradılmasının, eləcə də informasiya resurslarının qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.Direktor konfransın iştirakçılar üçün faydalı müzakirələr, məhsuldar fikir mübadiləsi və yeni tərəfdaşlıqlarla yadda qalacağına əminliyini ifadə edərək tədbirin işinə uğurlar arzulayıb.

Konfrans çərçivəsində keçirilən əsas sessiyalarda kitabxanalarda süni intellektin tətbiqi, rəqəmsal mədəni irsin idarə olunması, elektron qanuni depozit sistemi, müəllif hüquqları, rəqəmsal təhlükəsizlik və informasiya mühitinin gələcəyi mövzularında təqdimatlar keçirilib, milli kitabxanaların mədəni yaddaşın qoruyucusu kimi rolundan və rəqəmsal irsin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışılıb. Sessiyalarda həmçinin qlobal dayanıqlı informasiya şəbəkələri, rəqəmsal kolleksiyaların mühafizəsi və beynəlxalq əməkdaşlıq modelləri geniş müzakirə olunub.

Sessiyalar çərçivəsində Avropa Şurasının Demokratiya üzrə direktoru Matjaz Gruden “Mədəni Yaddaşın Qoruyucuları: Avropa Milli Kitabxanalarının Avropanın mədəni irsinin qorunmasında əhəmiyyəti” mövzusunda əsas məruzə ilə çıxış edib. O, milli kitabxanaların cəmiyyətin mədəni yaddaşının qorunmasında, demokratik dəyərlərin möhkəmləndirilməsində və mədəni irsin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını vurğulayıb.

Toplantı çərçivəsində iştirakçılar işçi qruplarında müzakirələr aparıb, nəticələr üzrə fikir mübadiləsi həyata keçirilib. Sonda konfrans iştirakçıları üçün Lüksemburq Milli Kitabxanasına ekskursiya təşkil olunub.

Konfrans 16 iyun tarixində davam edəcək.

Qeyd edək ki, CENL-in növbəti illik toplantısına gələn il İsveç Milli Kitabxanası ev sahibliyi edəcək.

icon

Foto qalereya