close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Psixoloq-alim Əbdül Əlizadə” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

20-10-2022

Bu il görkəmli psixoloq-alim, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Əbdül Əlizadənin 90 illik yubileyi tamam olur.

Əbdül Əlizadə pedaqoji fəaliyyətinə 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində başlamışdır. Daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun psixologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. O, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir. İstedadlı psixoloq “Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri” mövzusunda namizədlik, 1976-cı ildə isə “Cinsi dimerfizm və şəxsi qarşılıqlı münasibətlərin psixoloji problemləri” doktorluq dissertasiyalarını müdafiə etmişdir. Bir psixoloq kimi onun elmi yaradıcılığında şagirdlərin yaradıcı təxəyyül mövzusu xüsusi yer tutmuşdur. Gənc alim bu mövzunu müxtəlif aspektlərdən tədqiq edərək orijinal elmi-praktik nəticələrə gəlmişdir. Təhsil psixologiyası sahəsində apardığı tədqiqatları təkmilləşdirməklə yanaşı, o, etnopsixoloji məsələlərin öyrənilməsinə diqqəti artırmış, təhsildə şəxsiyyətin etnopsixoloji zəmində formalaşdırılması ideyasını irəli sürmüşdür.

 Ə.Əlizadə məktəbi fərdiyyət psixologiyası ilə daha yaxından bağlı olmuş, onun etnopsixoloji, cinsi, mənəvi, yaradıcılıq aspektlərindən öyrənilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur.

 O, elmi fəaliyyətinə görə bir sıra orden və medallarla, o cümlədən “Şöhrət” ordeni ilə təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Görkəmli psixoloq-alim Ə.Əlizadənin 90 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Psixoloq-alim Əbdül Əlizadə” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Ə.Əlizadənin müəllifi olduğu kitablar və haqqında yazılan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ebdul_Elizade/index.htm linkindən istifadə edə bilərlər.

Eyni zamanda Milli Kitabxanada Əbdül Əlizadənin həyat və yaradıcılığını əhatə edən ənənəvi kitab sərgisi də açılacaq.