Görkəmli yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Qulu Qasım oğlu Xəlilov 1930 - cu il noyabr ayının 20-də Qərbi Azərbaycanın Qarakilsə rayonunda anadan olub. 1948 - ci ildə ailəsi oradan məcburən Ağcabədi rayonunun Poladlı kəndinə köçürülüb.
1949-cu ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini 1954-cü ildə fərqlənmə ilə bitirib, 1956-1959-cu illərdə aspiranturada təhsil alıb.
1959-cu ildə vaxtından 6 ay əvvəl “Vaqif” pyesi və tarixi dram janrı” mövzusunda namizədlik, 1968-ci ildə isə “Azərbaycan romanının inkişafı tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi adını alıb.
Yaradıcılığa 1953-cü il yanvarın 8-də “Ədəbiyyat və incəsənət qəzetində çap olunan “Qılınc dağında” məqaləsi ilə başlayıb. Bundan sonra dövrü mətbuatda müntəzəm olaraq publisistik və tənqidi məqalələri, hekayələri ilə çıxış etmiş, radio və televiziyada verilişlər aparıb.
“Yaşamaq istəyirəm”, “Qocaların söhbəti”, “Qulun yaman kişnədi”, “Müəllimə”, “Hörümçək”, “Tənha palıd”, “Bir də gəlmə”, “Ömrün baharı”, “Atam və mən” kimi romanları, “Yaylaqda”, “Qocaların söhbəti”, “Umusuq” və s. bədii, elmi və publisistik əsərlərin müəllifidir.
Professor Q.Xəlilov 1993 - cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
2013-cü ildə haqqında “Yaşamaq istiyirəm” adlı film çəkilib.
Milli Kitabxanada çoxşaxəli yaradıcılıq aləminə sahib olan Əməkdar elm xadimi Qulu Xəlilovun anadan olmasının 95 illiyi münasibətilə “Əməkdar elm xadimi Qulu Xəlilov – 95” adlı ənənəvi geniş kitab sərgisi açılıb.
Sərgidə professorun bədii, elmi və publisistik əsərləri, redaktor olduğu, rəy və ön söz yazdığı kitablar, həyatı və yaradıcılığı haqqında xatirələr, poetik düşüncələr və s. ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.