close
icon E-kataloq və kitabxana

Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun Xalq yazıçısı Elçinin həyat və yaradıcılığına həsr olunmuş “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimat mərasimi

26-10-2017

Oktyabr ayının 26-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi Milli Kitabxana ilə birgə Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun görkəmli Xalq yazıçısı, nasir, dramaturq Elçinin yaradıcılığına həsr olunmuş “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimat mərasimini keçirmişdir.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlamış,  N.Cəfərov yaradıcılığına nəzər salaraq onun əsərlərinin Azərbaycan ədəbiyyatının zənginləşməsinə böyük töhvə olduğunu,təqdimatı keçirilən bu kitabın mükəmməl bir tədqiqat əsəri olduğunu,  habelə çağdaş milli nəsrimizin və dramaturgiyamızın istedadlı nümayəndəsi, ictimai xadim, Xalq yazıçısı Elçinin əsərlərinin təkcə Azərbaycanda deyil, həm də dünya ölkələrində oxunduğunu söyləmişdir.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev görkəmli xadim Elçin Əfəndiyevin yaradıcılığından danışarkən onun fərdi üslubu olduğunu, istedadlı qələm sahibinin dünya ədəbiyyatında xüsusi yeri tutduğunu, yaradıcılığının xalq sevgisi qazandığını bildirmişdir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığını təhlil edərək, geniş məruzə ilə çıxış etmişdir.

Çıxışçılar –AYB-nin katibi Fikrət Qoca, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, Xalq şairi Nəriman Həsənzadə, BDU-nun müəllimi, professor Təhsin Mütəllimov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, BDU-nun müəllimi, professor Cahangir Məmmədli, BSU-nun professoru Rüstəm Kamal, ADPU Filalogiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Nərgiz Cabbarova, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami  Elçin yaradıcılığının genişmiqyaslı olduğunu, dramaturgiya sahəsində böyük uğurlar qazandığını, yaradıcılığının milliliyini, ənənəyə bağlılığını, onun real və bədii gerçəkliyə orijinal münasibətini, yaradıcılığında müasir Şərq və Qərb kontekstini birləşdirməsini önə çəkmişlər. 

Əsərin müəllifi N.Cəfərov çıxış edərək böyük ədibin müasir ədəbiyyatda bir fenomen olduğunu, onun istedadının arxasında zəngin, mənalı, mükəmməl bir həyat yolunun olduğunu söyləmiş və bunu yazıçının çox kiçik yaşlarından qaynar əbədi mühitdə böyüməsi ilə əlaqələndirmişdir.

Sonda Xalq yazıçısı çıxış edərək onun əməyinə verilən qiymətə görə hər kəsə təşəkkürünü bildirmiş, tədbir iştirakçılarına minnətdarıq etmişdir.

Tədbir iştirakçıları “Xalq yazıçısı Elçin” adlı geniş kitab sərgisi ilə tanış oldular.