close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Fikrət Əmirov – 100” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

29-11-2022

2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları
laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Əmirovun anadan olmasının 100 ili tamam olur. Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun 2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət
verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq  səhifələrindəndir.

Görkəmli bəstəkarın 100 illik yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Fikrət Əmirov – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, fotolar, mükafatları, əsərləri, Fikrət Əmirovun
zəngin yaradıcılığı haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fikret_Emirov_100/index.htm linkindən istifadə edə
bilərlər.