16-10-2025
Milli Kitabxanada görkəmli musiqişünas və tədqiqatçı, Əməkdar incəsənət xadimi Firudin Şuşinskinin anadan olmasının 100 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Firudin Şuşinski -100” adlı ənənəvi kitab sərgisi açılıb.
Qeyd edək ki, Firudin Mahmud oğlu Həsənov (Firudin Şuşinski) 1925-ci il oktyabrın 20-də Şuşada anadan olub. İlk təhsilini Şuşada alıb, 1931-ci ildə musiqi məktəbində skripka dərslərinə başlayıb. Pedaqoji məktəbi bitirdikdən sonra bir müddət müəllim işləyib.
1942-ci ildə könüllü olaraq İkinci Dünya Müharibəsinə yollanıb və döyüşlərdə fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə təltif olunub. Müharibədən sonra Ağdamda ədəbiyyat müəllimi kimi çalışıb. 1946-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub və uğurla bitirib.
Tələbə ikən SSRI Ali məktəb və elmi müəssisə işçiləri İttifaqının Azərbaycan Respublika Komitəsi, Bakı şəhəri ali məktəb tələbələrinin II ümumşəhər elmi konfransında iştirak edib. Konfransda 78 məruzə oxunub və həmin mövzular arasında yalnız Firudin Şuşinskinin “Vaqif dövlət xadimi kimi” mövzusu 1-ci mükafata layiq görülüb. Bu məqalə sonralar müəllifin ilk mətbu yazısı olub. Məzun olduqdan sonra Bakı məktəblərində tarix müəllimi işləyib.
Şuşinski Azərbaycan musiqi tarixinin tədqiqatçısı olub. İlk nəşr olunmuş məqaləsi “Vaqif və Qarabağ” olub. 1968-ci ildə “Şuşa”, 1970-ci illərdə Cabbar Qaryağdı və Seyid Şuşinski haqqında kitabları, 1979-cu ildə “Azərbaycanın Xalq müğənniləri və musiqiçiləri” kitabı nəşr olunub.
1989-cu il mart ayının 21-də Firudin Şuşinski Azərbaycan SSR “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
2007-ci ildə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşəbbüsü ilə Şuşinskinin topladığı materiallar əsasında tarzən Mirzə Sadıxın həyat və yaradıcılığına həsr olunmuş “Sadıxcan” kitabı işıq üzü görüb.