close
icon E-kataloq və kitabxana

Görkəmli qazax şairi, yazıçı, alim, ictimai xadim Oljas Süleymanov Milli Kitabxanada olub

02-10-2019

Oktyabrın 2-də görkəmli qazax şairi, yazıçı, alim,  ictimai xadim Oljas Süleymanov Milli Kitabxanada olub. Milli Kitabxananın direktoru prof. Kərim Tahirov Oljas Süleymanovu qəbul edərək, əfsanəvi yazıçının Azərbaycan Milli Kitabxanasında olmasından məmnun olduğunu bildirib. Professor qeyd edib ki, əsərləriniz hər zaman Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanıb, ədəbi-bədii yaradıcılığınız yüksək qiymətləndirilib. Kərim Tahirov çıxışında vurğulayıb ki, Milli Kitabxanada 27-29 sentyabr VI Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev ilə birgə  “Beynəlxalq Əməkdaşlıq Zalı”nın və “Nəsimi əlyazmaları dünya kitabxanalarında” sərgisinin açılış mərasimi keçirilib. Onu da qeyd edib ki, “Beynəlxalq Əməkdaşlıq Zalı”nın açılışında 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələri və kitabxanaların rəhbərləri də iştirak edib. Prof. Kərim Tahirov bildirib ki, “Beynəlxalq Əməkdaşlıq Zalı”nda 13 ölkənin ədəbiyyatına dair yaradılmış daimi guşədə qazax ədəbiyyatı da yer alır.

Görkəmli yazıçı Oljas Süleymanov öz növbəsində Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu ifadə edərək, Azərbaycana və azərbaycanlılara məhəbbəti barədə geniş söhbət açıb, Azərbaycan oxucusunun qazax ədəbiyyatına verdiyi dəyərə görə minnətdarlığını bildirib.

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (3 dildə), “Девичья башня”, “Памятники Западного Азербайджана” kitablarını və Oljas Süleymanovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə çap olunmuş “AZ-Ya” kitabını yazıçıya təqdim edib.

Daha sonra görkəmli yazıçı Oljas Süleymanov öz imzalı kitablarını Milli Kitabxanaya hədiyyə edib.

Sonda görkəmli yazıçı Oljas Süleymanov ilə xatirə şəkli çəkilib.