11-12-2025
11 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq alim, professor Cavad Heyətin 100 illik yubileyinə həsr olunan tədbir və böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrə aid orijinal əlyazmasının Azərbaycan Milli Kitabxanasına hədiyyə olunması mərasimi keçirilib.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Ümummilli Liderimiz Heydər Əliyevin 12 dekabr - anım günü ilə əlaqədar əziz xatirəsi yad edilib. Ulu Öndərin Azərbaycan mədəniyyətinə, eyni zamanda Milli Kitabxanasına saysız töhfələrindən danışan direktor ilk dəfə 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında tədbirdə iştirak edərkən öz şəxsi kitabxanasından 300 nüsxə kitabı Milli Kitabxanaya bağışlamasını vurğulayıb.
Ulu Öndərin əsasını qoyduğu bu ənənə bu gün də davam edir və Ankara Universitetinin müəllimi dr.Məmmədrza Heyətin Milli Kitabxanaya dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını hədiyyə etməsini də bu ənənənin yaxşı nümunəsi hesab etmək olar. Görkəmli cərrah və türkoloq alim Cavad Heyətin həyat və fəaliyyətindən, zəngin və çoxşaxəli yaradıcılığından danışan, onun Azərbaycan ədəbiyyatı tarixinə, türk xalqlarının keçmişinə, milli folklora dair tədqiqatlarının olduğunu, Milli Kitabxanada alimin zəngin kolleksiyasının qorunduğunu qeyd edərək onun mənəvi varisi dr.Məmmədrza Heyətinin bu təşəbbüsünü yüksək qiymətləndirərək kollektiv adından ona minnətdarlığını bildirmişdir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış eərək professor Cavad Heyətin Azərbaycanı ən çətin dövrdə belə respublikamızı dünyaya tanıtmaq uğrunda mübarizəsindən, iki Azərbaycan arasında ən möhtəşəm körpü rolu oynamasından, özünün əsasını qoyduğu “Varlıq” dərgisi ilə İranda yaşayan ziyalıların yeganə anadilli mətbuat kürsüsü olmasından bəhs edib. Akademik qeyd edib ki, Cavad Heyətin beynəlxalq aləmdə böyük nüfuzu vardı və İran rejimi ona müəyyən qədər güzəştlə yanaşırdı və o da bundan məharətlə istifadə edərək Azərbaycanı dünyaya tanıdırdı. Azərbaycan ədəbiyyatına misilsiz xidmətlər göstərmiş Cavad Heyətin mənəvi varisinin bu gün əmisindən ona miras olaraq qalan çox qiymətli bir əlyazmanın orijinal nüsxəsini Azərbaycan Milli Kitabxanasına bağışlaması da Məmmədrza bəyin mənsub olduğu ocağın gözəl ənənələrini şərəflə davam etdirməsinin bariz nümunəsi olduğunu bildirmişdir.
Xalq şairi Sabir Rüstəmxanlı doktor Cavad Heyətin 25 il “Varlıq” jurnalın çətin siyasi rejim şəraitində nəşrini davam etdirməsinin heç də asan iş olmadığını vurğulayıb, dilimizin üstünlüyünə əhəmiyyət verən alimin ensiklopedik zəkaya sahib olduğunu, daim mənbələrə istinadən danışdığını, mədəniyyət tariximizdə müstəsna yeri olduğunu söyləyib. Natiq Cavad Heyətin ömrünü xalqına, millətinə xidmətə həsr etdiyinə diqqət çəkərək onun qardaşı oğlunun bu günkü addımını müqəddəs bir iş kimi qiymətləndirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov Cavad Heyətin BDU-nun fəxri doktoru adı alarkən tarix fakültəsinə gəlməsindən danışaraq Cavad Heyətin mənəvi varisi Məmmədrza Heyətin Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını Milli Kitabxanaya hədiyyə etməsi addımını yüksək qiymətləndirib və Azərbaycan elminə və ədəbiyyatına əvəzsiz töhfə kimi dəyərləndirib.
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva bu iki tədbiri bir amalın - Azərbaycançılığın birləşdirdiyini, ona görə də bugünkü tədbirin həm Azərbaycanın mədəni-mənəvi həyatında, həm də siyasi-ictimai həyatında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrdə üzü köçürülmüş ilk nüsxələrindən biri olan bu əlyazmasının Doktor Cavad Heyətdə olmasının Azərbaycana nə qədər bağlı olmağının göstəricisi olduğunu bildirib, Cavad Heyəti yeni tariximizdə özünəməxsus yeri olan “Vətən” Cəmiyyəti vasitəsilə tanıdığını qeyd edib.
Tədbirin davamında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Xalq yazıçısı Elmira Axundova, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli öz çıxışlarında Cavad Heyətin həm həkim, həm də türkoloq alim kimi dahi olduğunu, onun böyük əlyazmaşünas olduğunu qeyd ediblər.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov Mədəniyyət Nazirliyi adından Məmmədrza bəyə bu təşəbbüsünə görə təşəkkür edərək bildirib ki, böyük şəxsiyyətlərin mənəvi varisi olmaq böyük məsuliyyətdir və Məmmədrza Heyət bu missiyanı uğurla davam etdirir. Bu əsərin əlyazmasının Milli Kitabxanaya hədiyyə edilməsini kitabxana üçün tarixi hadisə adlandıran nazir müavini, hər iki tədbirin bir-birilə ahəngdarlıq təşkil etdiyini və Azərbaycan elminə, mədəniyyətinə böyük töhvə olduğunu diqqətə çatdırıb.
Sonda çıxış edən dr.Məmmədrza Heyət əmisinin 100 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Respublikası mədəniyyət nazirliyinə, Milli Kitabxanaya və onun rəhbəri prof.Kərim Tahirova minnətdarlığını bildirərək, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrdə üzü köçürülmüş ilk nüsxələrindən birinin əlyazmasının məhz Azəbaycan Milli Kitabxanasına hədiyyə etməsindən böyük şərəf duyduğunu söyləyib. Əmisindən ona yadigar qalan bu qiymətli əlyazmanın onun çox sevdiyi xalqın mənəvi xəzinəsində yer almasından fərəh duyduğunu qeyd edib.
Tədbirin davamında görkəmli türkoloq alim, professor Cavad Heyətin yaradıcılığına həsr olunmuş virtual sərgi tədbir iştirakçılarına təqdim edilib.
Sonda nəstəliq xətti ilə 994/1586-cı ildə üzü katib Qulami-Süpahi Məhəmməd tərəfindən köçürülmüş orijinal əlyazma kitabxanaya hədiyyə edilib və xatirə şəkli çəkdirilib.