close
icon E-kataloq və kitabxana

Türkiyədə keçirilən CENL-in növbəti iclası çərçivəsində Azərbaycan Milli Kitabxanasının direktoru İFLA prezidenti ilə görüşüb

21-06-2022

Ankarada Türkiyə Prezident Kitabxanasında keçirilən 36-cı CENL illik iclasında iştirak edən Milli Kitabxananın direktoru prof. Kərim Tahirov IFLA-nın hazırkı prezidenti Barbara Lison ilə görüşüb. Görüş zamanı Kərim Tahirov 30 il öncə Ermənistan tərəfindən işğal olunan və 2020-ci ilin noyabrında Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad olunmuş ərəzilərimizdən, oradakı tarixi abidələrin, mədəniyyət müəssisələrinin, eləcə də kitabxanalarımızın tamamilə dağıdılmasından danışıb.

O bildirib ki, 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində 30 ildən artıq erməni işğalında olan ərazilərimizi işğaldan azad etmişdir. Direktor Kərim Tahirov həmin ərazilərdə vaxtilə mövcud olan 975 kitabxananın tamamilə məhv edildiyini və onların ümumilikdə 4.6 milyon nüsxə qiymətli kitab fondlarının fəhşicəsinə yandırıldığını qeyd edib.

Azərbaycan Milli Kitabxanasının direktoru olaraq işğaldan azad olunan 10 rayonun kitabxana direktorları adından 2020-ci ilin dekabr ayında keçmiş IFLA prezidenti Christine Mackenziyə məktubla müraciət edərək işğaldan azad edilən regionlardakı vəziyyəti yerində dəyərləndirmələri üçün bir missiya təşkil etmələrini xahiş etdiyini bildirib. Cavab məktubunda IFLA-nın müharibəni qətiyyətlə qınadığını, tarixi abidələrə, mədəniyyət müəssisələrinə bilərəkdən zərər verməyin qəbul olunmaz olduğunu qeyd edən Christine Mackenzie həmçinin dağıdılmış kitabxanaların fotolarını Blue Shield və UNESCO-dakı həmkarları ilə paylaşmaq üçün icazə istəmişdir. Lakin təəssüf ki, missiya göndərilməsi ilə bağlı xahişimizə bu günədək cavab alınmamışdır.

Bu səbəbdən Kərim Tahirov IFLA prezidenti Barbara Lisona müraciət edərək, dağıdılmış bölgələrdəki kitabxanaların vəziyyətini dəyərləndirmələri üçün mütəxəsssislərdən ibarət bir missiya təşkil edilməsini xahiş edib. Azərbaycan Milli Kitabxanası olaraq həm CENL-in, həm də IFLA-nın nümayəndələrini öz ölkəmizdə qəbul etməyə hazır olduğumuzu bildirən Kərim Tahirov xanım Barbara Lisonu bu ilin oktyabrında Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək və işğaldan azad olunmuş ərazilərimizdəki kitabxanalara baxış keçirməsi üçün ölkəmizə dəvət edib. Görüşün sonunda prof. Kərim Tahirov bildirib ki, bir zamanlar işğala məruz qalan ölkə olaraq Azərbaycan Respublikası hər cür müharibəni və işğalı qətiyyətlə qınayır, belə halların yaşanmaması və təkrarlanmaması üçün İFLA-nın və digər beynəlxalq təşkilatların belə hallara ciddi münasibət bildirməsi çox vacibdir. İFLA Prezidenti dəvəti qəbul etdiyini bildirərək, belə hadisələrdən çox təssüfləndiyini bildirib.

 

icon

Foto qalereya