close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq rəssamı Kamil Əliyev – 100” adlı Elektron məlumat bazası virtual rejimdə istifadəçilərə təqdim olunub

22-10-2021

Bu gün Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin anadan olmasının 100 illik yubileyi tamam olur.

Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənətinin qədim ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Kamil Əliyevin mühüm xidmətləri vardır. Onun əsərləri öz orijinallığı və monumentallığı ilə səciyyələnərək mədəniyyətimizin parlaq səhifəsini təşkil edir. O, portret xalçalarının bir silsiləsini Azərbaycan ədəbiyyatının korifeyləri olan Nizamiyə, Füzuliyə, Nəsimiyə həsr etməklə, xalqımızın poetik irsinə olan məhəbbətini büruzə vermişdir. Dünyada portret-xalçaların ən yaxşı nümunələrini Kamil Əliyev yaratmışdır.

Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə də mühüm töhfələr verib.

Azərbaycan Respublikası Prezidentinin “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq rəssamı Kamil Əliyev – 100” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Kamil Əliyev – İlmələrin sehrində”, “Görkəmli şəxslər Kamil Əliyev haqqında”, “Xalçaçı rəssam – Nəşrlər”, “Şəxsiyyətləri əbədiləşdirən portret xalçalar”, “Ornamental xalçalar”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/K.Aliyev/index.html linkindən istifadə edə bilərlər.