close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası Latviya Universitetinin Akademik Kitabxanasında keçirilən “Xurşidbanu Natəvan: ədəbiyyatın və incəsənətin təbliğində Azərbaycan qadınının rolu” adlı seminarda iştirak edib

13-09-2022

Sentyabrın 13-də Riqa şəhərində Latviya Universitetinin Akademik Kitabxanasında “Xurşidbanu Natəvan: ədəbiyyatın və incəsənətin təbliğində Azərbaycan qadınının rolu” adlı seminar keçirilib.

Seminarı giriş nitqi ilə Latviya Universitetinin Akademik Kitabxanasının direktoru, filologiya elmləri doktoru Venta Kocere açıb. Daha sonra Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri cənab Elnur Sultanov Xurşidbanu Natəvanın yaradıcılığı, onun əsərləri, Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə geniş çıxış edib.

Seminarda Azərbaycan Milli Kitabxanasını təmsil edən Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Xurşidbanu Natəvan” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. O, çıxışı zamanı bildirib ki, Xurşidbanu Natəvan XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olmuşdur və o, XIX əsrdə Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərində ədəbi-bədii mühitin formalaşmasında və ədəbi məclislərin fəaliyyətində əhəmiyyətli rol oynamışdır. Ə.İsmayılova Xurşidbanu Natəvan haqqında məlumat verərək vurğulayıb ki, onun şeirləri Azərbaycan və ya fars dillərindədir və o, ən çox lirik qəzəlləri ilə tanınırdı. Qeyd edib ki, Xurşidbanu Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir, Şuşada və bütün Qarabağda məşhur olan “Məclisi-üns” və “Məclisi-fəramuşan”ın yaradıcısı və himayədarı olmuşdur.

Ə.İsmayılova vurğulayıb ki, bu il Xurşidbanu Natəvanın 190 illik yubileyi tamam olur və bu münasibətilə Azərbaycan Respublikasının Prezidenti “Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. Xurşidbanu Natəvanın 190 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında bir çox layihələr həyata keçirilib. “Xurşidbanu Natəvan” biblioqrafiyası hazırlanaraq nəşr olunub. Bu günlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən 30 illik erməni işğalından azad olunmuş Şuşa şəhərində-Xurşidbanu Natəvanın vətənində görkəmli şairənin yubiley tədbiri keçirilmişdir. Sonra Ə.İsmayılova Milli Kitabxananın əməkdaşları tərəfindən ingilis dilində hazırlanmış “Xurşidbanu Natəvan” adlı Elektron məlumat bazasını  iştirakçılara nümayiş etdirib. Qeyd edib ki, Elektron məlumat bazası “Xurşidbanu Natəvan”, “Prezident İlham Əliyevin Xan Qızının xatirəsinin əbədiləşdirilməsinə diqqəti”; “Həyat və yaradıcılığının əsas tarixləri”; “Görkəmli şəxsiyyətlər Xurşidbanu Natəvan haqqında”; “Əsərləri”; “Xurşidbanu Natavan haqqında əsərlər”, “Xurşidbanu Natavanın xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya”, “Videoqalareya” bölmələrindən ibarətdir və hər bir bölməni iştirakçılara təqdim edib. Çıxışı zamanı Ə.İsmayılova elektron bazada əks olunan Xurşidbanu Natəvanın müəllifi olduğu, eləcə də haqqında yazılan kitabların bir qismini iştirakçılara nümayiş etdirib.

O, çıxışının sonunda vurğulayıb ki, Azərbaycan Milli Kitabxanası Xurşidbanu Natəvanla bağlı yeni layihələrin icrasını davam etdirir.

Seminarın davamında Xurşidbanu Natəvan nəslindən olan Nazlı Hacızadə, Koreya Tədqiqatları Mərkəzinin rəhbəri, Latviya Universitetinin İnsan hüquqları fakültəsinin professoru Kaspars Klavins və digərləri Xurşidbanu Natəvanın yaradıcılığı, onun gördüyü xeyriyyə işləri barədə çıxışlar ediblər.

Tədbirin sonunda Ə.İsmayılova Milli Kitabxananın Ehtiyat Mübadilə fondundan “Xurşidbanu Natəvan. Neçin gəlməz”, “Bəylər Məmmədov. Xurşidbanu Natəvan”, “Şuşa günəşinin poetik portreti: (Xurşidbanu Natəvana həsr edilən şeirlər və poemalar)”, “Sözün Natəvanı: (Xurşidbanu Natəvana həsr edilən poemalar)” və “Xurşidbanu Natəvan. Biblioqrafiya” kitablarını Latviya Universitetinin Akademik Kitabxanasının fonduna hədiyyə etmişdir.

Sonda xatirə şəkili çəkilib.

 

icon

Foto qalereya