26-09-2025
26 sentyabr tarixində Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus Milli Kitabxananın qonağı olub. Qonağı Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.
Görüş zamanı direktor səfiri səmimi salamlayaraq kitabxanada görməkdən məmnunluğunu ifadə edib. O, bu görüşün gələcək əməkdaşlığa töhfə verəcəyini vurğulayıb. Direktor, prof. Kərim Tahirov bildirib ki, Azərbaycan Milli Kitabxanası Estoniya, Latviya və Litva Milli Kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq edir. Həmçinin Latviya və Litva Milli Kitabxanalarının Azərbaycan Milli Kitabxanasında hər il yenilənən ədəbiyyat guşələri fəaliyyət göstərir və kitab mübadiləsi uğurla davam etdirilir.
Səfir cənab Kestutis Vaşkeleviç göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti, gələcəkdə onun təkmilləşdirilməsi imkanlarından söhbət açıb.
Sonra direktor prof. Kərim Tahirov Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Salam Azərbaycan” və “Karabakh by the roads of victory” kitablarını səfir Kestutis Vaşkeleviçusa hədiyyə edib.
Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus isə Litvanın qədimdən müasir dövrə qədər bütün tarixini əhatə edən “История Литвы”; “Tanrılar meşəsi”; “Azərbaycan-Baltik mədəni əlaqələri” kitablarını Milli Kitabxananın fonduna hədiyyə edib.
Səfir Azərbaycan Milli Kitabxanası ilə tanış olub və xatirə şəkli çəkdirilib.