close
icon E-kataloq və kitabxana

Los-Anceles Kaliforniya Universiteti Charles E.Young Elmi-Tədqiqat kitabxanasının Slavyan, Şərqi Avropa və Avrasiyaşünaslıq üzrə kuratoru xanım Alena Aissing Milli Kitabxanada olmuşdur

26-09-2019

Sentyabr ayının 26-da Los-Anceles Kaliforniya Universiteti Charles E.Young Elmi-Tədqiqat kitabxanasının Slavyan, Şərqi Avropa və Avrasiyaşünaslıq üzrə kuratoru xanım Alena Aissing Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılamışdır. Görüşdə həmçinin Milli Kitabxananın direktor müavini Ədibə xanım İsmayılova da iştirak etmişdir.

Görüş zamanı direktor Kərim Tahirov hər iki kitabxana arasında beynəlxalq əlaqələrin yaranmasının böyük əhəmiyyət kəsb etdiyini söyləmiş, beynəlxalq kitab mübadiləsinin vacibliyini vurğulamış və bu işdə Los Anceles Kaliforniya Universiteti ilə Azərbaycan Milli Kitabxanası arasında 2018-ci ildə Los Anceles şəhərində imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətindən bəhs etmişdir. Direktor bildirmişdir ki, bir ölkənin tarixini, mədəniyyətini, incəsənətini və ədəbiyyatını dünyada tanıtmağın ən başlıca yollarından biri kitablardır və bu işdə beynəlxalq kitab mübadiləsinin rolu böyükdür.

Alena xanım isə öz növbəsində Bakıya ilk səfərinin olduğunu qeyd etmiş və VI Bakı Beynəlxalq Kitab Sərgisinə və sərgi çərçivəsində Milli Kitabxana tərəfindən küçiriləcək “Kitabxanalar mobil informasiya mərkəzi kimi” beynəlxalq elmi-praktiki konfransa dəvət  edildiyi üçün öz təşəkkürünü bildirmişdir.

Xanım həmçinin qeyd etmişdir ki, hal-hazırda Nəsimi əlyazmalarının rəqəmsallaşadırılması üzrə iş davam edir və yaxın günlərdə kitabların rəqəmsal versiyaları Milli Kitabxanaya göndəriləcəkdir.

Görüşün sonunda xanım Alena Aissing qonaqpərvərliyi üçün prof. Kərim Tahirova öz təşəkkürünü bildirmiş və konfransa uğurlar diləmişdir.

Sonda qonaqla birgə xatirə şəkli çəkildi.