17-01-2026
17 yanvar 2026-ci il tarixində Milli Kitabxanada Azərbaycan şairəsi, milli-demokratik poeziyanın görkəmli nümayəndəsi Mədinə Gülgünün anadan olmasının 100 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Mədinə Gülgün -100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Mədinə Nurulla qızı Ələkbərzadə 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana – Ərdəbil şəhərinə köçüb. Sonra Təbriz şəhərində yaşayıb. 1948-1952-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb.
Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olub. Şairənin "Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda onun 1945-1949-cu illərdə yazdığı şeirlər toplanıb. Həyatının ilk illəri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf etmiş və bu şeirlərində də öz əksini tapıb.
Mədinə Gülgünün Bakıda, Təbriz və Moskvada otuzdan artıq kitabı nəşr edilib. “Təbrizin baharı” (1950), “Savalanın ətəklərində” (1950), “Sülhün səsi” (1951), “Yadigar üzük” (1953), “Təbriz qızı” (1956), “Dünyamızın sabahı” (1974), “Durnalar qayıdanda” (1983), “Dünya şirin dünyadır” (1989), “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni” (1978), “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabı dərc olunub. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, humanizm, və vətənpərvərlikdir.
Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunub, lirik şeirlərinə mahnılar bəstələnmişdir.
1946-cı ildə “21 Azər”, 1948-ci ildə “Əmək veteranı”, 1980-cı ildə “Şərəf Nişanı” ordenləri, 1987-ci ildə“Əməkdar incəsənət xadimi” fəxri adı və digər medallarla, fəxri fərmanlarla təltif olunub.