close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Kitabxanaşünas alim – Mehmanəli Məmmədov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

18-02-2022

Bu gün Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycanın tanınmış kitabxanaşünas alimi Mehmanəli Məmmədovun 65 illik yubileyi tamam olur.

O, 1984-1986-cı illərdə Azərittifaqın “Azkoopkitab ticarət birliyi”ndə əmtəəşünas və baş əmtəəşünas vəzifələrində işləmişdir. 1987-ci ildən BDU-nun Kitabxanaşünaslıq kafedrasında baş laborant və laboratoriya müdiri, 1993-cü ildə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir.

M.Məmmədovun əsas tədqiqat obyekti Respublika kitabxanalarının beynəlxalq əlaqələri, elmi texniki kitabxalarda mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkili, fondun komplektləşdirilməsi, onun tematik-tipoloji tərkibinin öyrənilməsi, optimallaşdırılması və digər problemlərdir. 1990-1994-cü illərdə BDU-nun Kitabxanaşünaslıq kafedrasının qiyabi aspirantı olmuş, 2000-ci ildə “Azərbaycan Respublikası kitabxanalarında kitabxanalararası abonement sistemi” mövzusunda dissertasiya işini Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun rəhbərliyi ilə müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2003-cü ildən Kitabxanaşünaslıq kafedrasının dosentidir. “Kitabxana işinin təşkili və idarə edilməsi”, “Kitabxanaların elmi metodik təminatı”, “Kitabxana işinin iqtisadiyyatı”, “Texniki kitabxanalarda mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkili” və s. fənləri tədris edir. “Respublika Elmi Texniki kitabxanasında KAA təşkili”, “Kitab çeşidi işinin nəzəriyyəsi və metodikası”, “Elmi-texniki kitabxana şəbəkələrində mütəxəssislərə kitabxana informasiya xidməti”, “Sənəd-informasiya daşıyıcıları”, “Kitabxana-informasiya fəaliyyətinin menecmenti və marketinqi”, “Azərbaycanda texniki kitabxanaların inkişafı”  və s. adlı monoqrafiya və dərs vəsaitinin, 100-dən çox elmi məqalənin müəllifidir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Mehmanəli Məmmədovu elmi-pedaqoji və yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə 2009-cu və 2012-ci illərdə Fəxri Fərmanla təltif etmişdir.

Görkəmli kitabxanaşünas alimin 65 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kitabxanaşünas alim – Mehmanəli Məmmədov” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, kitabxanaşünas alimin müəllifi, rəyçi olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələri nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mehmaneli_Memmedov/index.htm linkindən istifadə edə bilərlər.