close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq şairi Məmməd Araz” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

12-10-2023

14 oktyabr Xalq şairi Məmməd Arazın anadan olmasının 90 ili tamam olur.

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdu. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil almışdı. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdi. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilmişdi. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlamış, sonra Bakıya köçmüş, Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləmişdi. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik etmişdi. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995) və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur (1993-cü ildən). 2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Yubiley münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq şairi Məmməd Araz” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, Məmməd Arazın müəllifi olduğu kitablar, onun haqqında məqalələr, kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xalq_sairi_Memmed_Araz/index.htm linkindən istifadə edə bilər.