close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Məmməd Səid Ordubadi – 150” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

19-03-2022

Mart ayında Azərbaycanın görkəmli nasiri, şair, dramaturq, jurnalist, tərcüməçi, Əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadinin 150 illik yubileyi tamam olur. M.S.Ordubadinin Azərbaycan tarixi və ədəbiyyatı üçün gördüyü işlər əvəzsizdir. Ədəbiyyatımızda tarixi roman janrının ilk rüşeymləri məhz onun qələmindən çıxmışdır. Onun yaradıcılığının böyük hissəsi bu janrla sıx bağlıdır. “Dumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər”, “Qılınc və Qələm” və s. kimi romanlar Azərbaycanın çoxəsrlik zəngin tarixinin müxtəlif dövrləri haqqında oxucuda dolğun və dəqiq təəssürat yaratmaq iqtidarına malikdir.

M.S.Ordubadi bütün ömrü və yaradıcılığı boyunca mənsub olduğu xalqın milli ruhunu, mənafeyini həm ürəyində, həm də qələmində daşımış sənətkarlardandır. O, milli kimliyini çox yaxşı dərk edir, bəzən açıq, bəzən qapalı şəkildə bunu öz əsərlərində dilləndirməkdən də çəkinmirdi. Məhz buna görədir ki, illər keçməsinə baxmayaraq, o, indi də müasir yazıçı kimi oxunur və sevilir.

Məmməd Səid Ordubadinin 150 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Məmməd Səid Ordubadi – 150” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli Azərbaycan dramaturqunun müəllifi olduğu kitablar, həyat və yaradıcılığı haqqında dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq http://anl.az/el/vsb/Memmed_Seid_Ordubadi_150/index.htm istəyənlər linkindən istifadə edə bilərlər.