close
icon E-kataloq və kitabxana

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Azərbaycan Milli Kitabxanasında olub

25-09-2025

 

25 sentyabr tarixində Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş və səfirin iqtisadi məsələlər üzrə müşaviri Fatinə El Fakih Azərbaycan Milli Kitabxanasının qonağı olub. Qonaqları Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edib.

Görüş zamanı Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq onları kitabxanada görməkdən məmnun olduğunu bildirib. Milli Kitabxananın elmi və mədəni fəaliyyəti, zəngin fondu, həyata keçirdiyi layihələr və qarşılıqlı əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verən direktor Milli Kitabxananın Qafqazın ən böyük modern kitabxanası olduğunu söyləyib.

Mərakeş Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanasının əlaqələrindən bəhs edərək, kitabxanalar arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun 2 oktyabrda XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində imzalanacağını, həmçinin Azərbaycan Milli Kitabxanasında "Mərakeş ədəbiyyatı guşə"sinin açılacağını söyləyib.  Əməkdaşlıq memorandumunun imzalanmasının müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişlənməsinə, qarşılıqlı tədbirlərin, kitab sərgilərinin təşkilinə, kitab və informasiya mübadiləsinə zəmin yaradacağını bildirib. Cənab səfirin bu gəlişi ilə iki ölkənin kitabxanaları arasında olan qarşılıqlı əlaqələrin gələcək perespektivlərinə yeni təkan verəcəyini qeyd edib.

Səfir Məhəmməd Adil Embarş səmimi qəbula görə Milli Kitabxananın direktoru prof. Kərim Tahirova  təşəkkür edib. Mərakeşlə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən, qarşılıqlı əlaqələrinin qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.

Sonra direktor prof. Kərim Tahirov qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Salam Azərbaycan” kitabını və Azərbaycanın xəritəsini hədiyyə edib.

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş isə Mərakeşin mətbəxinə aid “Таджин, кус-кус и другие марокканские удовольствия» kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.

 

icon

Foto qalereya