close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Mərakeş və Küveyt ədəbiyyatı guşələrinin” açılış mərasimi keçirilib

03-10-2025

3 oktyabr tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada “Mərakeş və Küveyt ədəbiyyatı guşələrinin” açılış mərasimi keçirilib.

Açılışda Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi, Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi,  Küveyt Milli Kitabxanasının direktoru Seham Alezam, Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu  və aidiyyəti şəxslər iştirak ediblər.

Açılış mərasimini Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Direktor bu günədək  Azərbaycan Milli Kitabxanasında 20 ölkənin ədəbiyyat guşəsinin açıldığını bildirib. Əlavə edib ki, Beynəlxalq Kitab Sərgisi çərçivəsində müxtəlif ölkələrin ədəbiyyat guşələrinin Milli Kitabxanada açılması ənənə  halını alıb. Bu gün isə Milli Kitabxanada Mərakeş Krallığının Milli Kitabxanasının və Küveyt Milli Kitabxanasının ədəbiyyat güşələrinin açıldığını söyləyib. Əlavə edib ki, Azərbaycan Milli Kitabxanasında açılan ədəbiyyat guşələrinin özəlliyi ondadır ki, hər hansı ölkənin mədəniyyəti, tarixi, ədəbiyyatı, coğrafiyası və adət-ənənələri ilə maraqlanan oxucular bu guşələrdən faydalana bilirlər. Həmçinin, hər bir guşənin önündə həmin ölkənin Milli Kitabxanasına birbaşa çıxışı təmin edən kompüterlər quraşdırılıb. Oxucular bu vasitələrlə həmin ölkənin zəngin kitab fondundan yararlana bilirlər. Direktor ədəbiyyat guşələrinin daim yenilənəcəyini və oxucuların tələbatını tam təmin edəcəyinə inandığını bildirib.

Mərakeş Krallığının Milli Kitabxanasının direktoru Samira El Malizi hər kəsi salamlayaraq ədəbiyyat guşəsinin açılmasında göstərdiyi dəstəyə görə, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirova və Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün yaradılan Mərakeş ədəbiyyatı guşəsi sadəcə guşə deyil həm də Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında dərinləşən mədəni əməkdaşlıq və dostluğun göstəricisidir.  Ədəbiyyat güşəsinin Mərakeşin minilliklərə söykənən qədim tarixindən müasir cəmiyyətimizə qədər  çoxrəngli mədəniyyətinə açılan pəncərə olduğunu deyib.

Küveyt Milli Kitabxanasının direktoru Seham Alezami çıxışında Azərbaycan Milli Kitabxanasında olmaqdan məmnun olduğunu bildirib. 11-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində Küveyt ədəbiyyat guşəsinin Azərbaycan Milli Kitabxanasında açılmasının sevindirici hal olduğunu qeyd edib. Küveytin zəngin və rəngarəng irsini və mədəniyyətini nümayiş etdirən bu təşəbbüs iki dost xalq arasında olan mədəni əməkdaşlığı daha da möhkəmləndirəcəyini söyləyib. Bu gün açılan guşədə Küveytin  həm qədim irsi, həm də müasir intellektual naliyyətlərinin təqdim olunduğunu bildirib.

Türkiyə Millət Kitabxanasının rəhbəri cənab Ayhan Tuğlu çıxışında 2 oktyabr tarixində Azərbaycan Milli Kitabxanası ilə Türkiyə Cümhurbaşqanlığı Millət Kitabxanası arasında imzalanan əməkdaşlıq memorandumunun xeyirli olmasını arzulayıb. O, Azərbaycan Milli Kitabxanasında artıq mövcud olan Türkiyə ədəbiyyatı guşəsinin gələcəkdə daha da genişlənəcəyini və yeni ədəbiyyatlarla zənginləşəcəyini vurğulayıb.

Sonra Mərakeş Krallığının Milli Kitabxanasının və Küveyt Milli Kitabxanasının ədəbiyyatı guşələrinin açılışı olub.

Açılış mərasimindən sonra xatirə şəkilləri çəkdirilib.

icon

Foto qalereya