close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasının yaradılmasının 103 illiyi münasibətilə elektron layihələr və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

23-05-2026

Bu gün bir əsrdən çox tarixi və şərəfli inkişaf yolu keçən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 103 yaşı tamam olur.

Bu münasibətlə Milli Kitabxanada “Azərbaycan Milli Kitabxanası” adlı elektron məlumat bazası, “Azərbaycan Milli Kitabxanası – 1923-2026”  adlı virtual və “Azərbaycan Milli Kitabxanası - 103” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazasında(https://anl.az/el/emb/Milli_Kitabxana/index.html)“Rəsmi sənədlər”, “Milli Kitabxana haqqında”, “Ümummilli lider Heydər Əliyev Milli Kitabxanada”, “Milli Kitabxananın layihələri”, “Görkəmli Şəxsiyyətlər Milli Kitabxana haqqında “Kitabxananın nəşrləri”, “Milli Kitabxana nəşrlərdə”, “Beynəlxalq əlaqələr”, “Onlayn Xidmətlər”, “Fotoqalereya”, “Videoqalereya” düymələrində materiallar tam mətnləri ilə təqdim olunur.

Virtual sərgidə (https://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm) rəsmi sənədlər, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat məqalələri tam mətnləri ilə təqdim olunur

Ənənəvi sərgidə ölkəmizin Baş Kitabxanasının bir əsrlik tarixi və keçdiyi şərəfli inkişaf yolu, möhtəşəm elm və mədəniyyət ocağının dünəni, bu günü və sabahı, zəngin mədəniyyət xəzinəsi olan Milli Kitabxanada həyata keçirilən iş prosesləri, sənəd-informasiya fondunun formalaşdırılması, təqdim edilən yeni xidmət üsulları, elmi-tədqiqat və metodik işin təşkili istiqamətləri, kitabxananın beynəlxalq əlaqələris.  haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, Milli Kitabxananın nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə çap olunan biblioqrafiyalar, “Bərpanəşr” seriyası, “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyası ilə çap olunan musiqi notları sərgilənir.

Milli Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb.

Azərbaycan Milli Kitabxanası il ərzində öz fəaliyyətini Respublika Prezidenti cənab İlham Əliyevin mədəniyyət, elm, təhsil, informasiya texnologiyaları və digər müvafiq sahələrə dair imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin, Mədəniyyət Nazirliyinin qərarları, göstəriş və tapşırıqları, eləcə də mövcud qanunvericiliyə uyğun olaraq qurur, ölkədə elm, təhsil, mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərimizin, kitab və mütaliənin təbliği ilə əlaqədar bir sıra əhəmiyyətli layihələr həyata keçirir, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm nəticələrə nail olur.

Heç təsadüfi deyildir ki, Ulu Öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev cənabları 1995-1997-ciillərdə 4 dəfə Milli Kitabxanaya səfər etmiş və öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə edib.

2004-cü ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

icon

Foto qalereya