27-11-2026
Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə Ağdaş və Şamaxı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mərkəzi kitabxanalarında təlimlər keçirilib.
Təlimlərdə Mərkəzi Aran və Dağlıq Şirvan Regional Mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin kitabxanaçıları iştirak ediblər.
24–27 noyabr tarixlərində keçirilən təlimlər “Koha AKİS: kitabxana-informasiya proseslərinin avtomatlaşdırılması və praktiki idarəetmə bacarıqları” və “Regional kitabxanalarda rəqəmsal imkanlar: elektron resurslardan səmərəli istifadə və yeni xidmət yanaşmaları” mövzularına həsr olunub.
Təlimlərin əsas məqsədi regional kitabxanaların fəaliyyətinin müasir informasiya mühitinin tələblərinə uyğun inkişaf etdirilməsi, kitabxana-informasiya proseslərinin avtomatlaşdırılması sahəsində kitabxanaçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi və yeni xidmət modellərinin tətbiqinə metodiki dəstək göstərilməsidir.
Təlim proqramı çərçivəsində kitabxana-informasiya proseslərinin avtomatlaşdırılmasında mühüm rol oynayan Koha Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin (AKİS) funksional imkanları, idarəetmə mexanizmləri və praktiki tətbiq xüsusiyyətləri izah edilib. İştirakçılar sistemin kataloqlaşdırma, oxucuların qeydiyyatı, kitabların verilməsi və qaytarılması, elektron axtarış və hesabatların hazırlanması modulları ilə tanış olublar.
Həmçinin nəşrlərin elektron məlumat bazasına daxil edilməsi, biblioqrafik yazıların hazırlanması, elektron kataloqda axtarışın təşkili və oxucu sorğularının operativ cavablandırılması məsələləri praktiki aspektdən nəzərdən keçirilib.
Təlimlərin digər istiqaməti regional kitabxanaların rəqəmsal potensialının artırılması, elektron informasiya resurslarından səmərəli istifadənin təşkili və müasir kitabxana xidmətlərinin inkişafı məsələlərini əhatə edib. Bu çərçivədə elektron kitablardan, elmi jurnallardan, rəqəmsal kitabxanalardan, elektron kataloqlardan və elmi məlumat bazalarından istifadə qaydaları, həmin resursların təhsil, elmi-tədqiqat və mütaliə proseslərində əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, elektron sifariş, onlayn məlumat-biblioqrafiya xidməti, virtual kitab sərgiləri, elektron oxu xidmətləri və sosial media platformaları vasitəsilə informasiya xidmətlərinin təşkili imkanları nəzərdən keçirilib.
Təlimlər zamanı iştirakçıların müvafiq sahələr üzrə biliklərinin möhkəmləndirilməsinə, praktiki nümunələr əsasında müasir iş metodlarının mənimsənilməsinə və əldə olunmuş təcrübənin regional kitabxanaların gündəlik fəaliyyətində tətbiqinə xüsusi diqqət yetirilib.