close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “20 noyabr – Ağdam şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

20-11-2026

20 noyabr 2026-cı il tarixində Milli Kitabxanada Vətən müharibəsində böyük qalibiyyətin qazanıldığı gün münasibətilə “20 noyabr – Ağdam şəhəri Günü”  adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

 

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.

 

Sərgilərdə Ağdam şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.

 

Virtual sərgi ilə tanış olmaq istəyənlər       https://anl.az/el/vsb/Agdam_sheher_Gunu/index.htm      linkindən istifadə edə bilərlər.

Təcavüzkar Ermənistan tərəfindən 1993-cü il iyulun 23-də işğal edilmiş Ağdam şəhəri uğurunda döyüşlər 42 gün davam etdi. Ərazisi 1094 kvadratkilometr olan Ağdamın 882 kvadratkilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal edildi və nəticədə 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı, əhali doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunda məskunlaşdı. 27 il sonra Ağdam bir güllə atılmadan azad olundu.

30 illik işğala son qoyan Vətən müharibəsində əldə etdiyimiz qələbə, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və Vətən müharibəsində döyüşən Azərbaycanın igid oğullarının misilsiz qəhrəmanlığı nəticəsində mümkün oldu. Bu gün biz torpaqları 30 il düşmən işğalında qalıb, onu cəmi 44 gün, 23 saat 43 dəqiqəyə tam azad edən və öz gücü, qəhrəmanlığı sayəsində suverenliyini tam bərpa edən bir xalqın övladı, cəsur ölkənin vətəndaşlarıyıq.

Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5.790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Dövlət başçısının xüsusi diqqəti nəticəsində Ağdamda geniş bərpa-quruculuq işləri həyata keçirilir.

Prezident cənab İlham Əliyev Ağdamın geri qaytarılmasından dərhal sonra "Böyük Qayıdış" proqramını elan etdi. 2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb.

Ağdamın gələcəyi Prezident İlham Əliyevin siyasi iradəsi ilə hazırlanmış və Nazirlər Kabinetinin Qərarı ilə 2022-ci il 16 avqust tarixində təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nda öz əksini tapır. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənib. Baş Plan əsasında Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək, burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu tikinti-quruculuq işləri, yenidən qurulan Ağdamın Vətən övladlarının igidliyi sayəsində bərpa olunan Azərbaycanın qürur mənbəyi olmasının ən aydın göstəricisidir.

 

icon

Foto qalereya