close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Qala Adam” kitabının və “Rəşad Məcid–60” elektron məlumat bazasının təqdimatı keçirilib

24-11-2025

24 noyabr 2025-ci il tarixində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, 525-ci qəzetin baş redaktoru, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcidin anadan olmasının 60 illiyi ilə əlaqədar nəşr olunan “Qala Adam” kitabının və “Rəşad Məcid-60” mövzusunda Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, qeyd edib ki, bu tədbir kitabxananın ən yaxın dostlarından biri olan  Rəşad Məcid haqqında  keçirilən ilk tədbirdir. Həmçinin, Kərim Tahirov “Qala Adam” kitabının orijinal, fərqli və nostalji hisslərlə dolu bir kitab olduğunu söyləyib. 1992-ci ildə 525-ci qəzeti yaradan gənc Rəşad Məcidin bu addımını çox böyük uğur kimi qiymətləndirən professor Kərim Tahirov, bu qəzetin hazırda da Azərbaycan mətbuatında, eyni zamanda Azərbaycan mədəniyyətində önəmli yer tutduğunu vurğulayıb. Səbəbi isə onda görüb ki, 525-ci qəzetdə eyni zamanda bir neçə mövzuya toxunulur - mədəniyyət, elm, ədəbiyyat və s. Kərim Tahirov fikrinin sonunda Rəşad Məcidi bir jurnalist, ictimai xadim və eyni zamanda xeyirxah və xalqına bağlı bir şəxsiyyət  kimi yüksək qiymətləndirib.

Daha sonra “Rəşad Məcid-60” mövzusunda Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib və bazadakı materiallar tam mətnləri ilə tədbir iştirakçılarına təqdim edilib.

Tədbirin davamında söz Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verilib. Xalq yazıçısı Anar öncəliklə tədbirin keçirilməsinə və Elektron məlumat bazasının hazırlanmasına görə Milli Kitabxanaya təşəkkürlərini bildirib və Rəşad Məcidlə bağlı  xoş xatirələrindən söz açıb. Rəşad Məcidin çox pozitiv, etibarlı və anlayışlı həmkar olduğunu qeyd edən natiq, əlavə edib ki, o, həm də çox istedadlı şair və publisistdir və onun publisistik yazıları Mirzə Cəlilin, Üzeyir bəyin publisistikasının davamı kimi xarakterizə oluna bilər. Daha sonra isə Xalq yazıçısı Anar, Rəşad Məcidə yeni yaradıcılıq uğurları arzulayıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcid müasir Azərbaycan müstəqillik dövrünün publisistidir və janrların bütün növlərində professional şairdir. Onun publisistikası ictimai və zamanın çağırışlarına cavab verən publisistikadır. Daha sonra, İsa Həbibbəyli Rəşad Məcidin qələmə aldığı “11 sentyabr” hekayəsinin mükəmməlliyindən söz açaraq qeyd edib ki, bu hekayəni oxuyan hər kəs zövq alır. Onun şeirlərini orijinal sayan akademik zahirən Rəşad Məcidin şeirlərini Ramiz Rövşənin şeirlərinə bənzədib, lakin dərinə endikcə tam əksi olduğunu da bildirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə Rəşad Məcidin iş fəaliyyətini yüksək qiymətləndirib və onun mədəni fəaliyyətə nə qədər dəyər qatdığını da qeyd edib. Əlavə edib ki, “525-ci qəzet”in fəaliyyətə başlaması kifayət qədər əhəmiyyətli bir dönəmin ən mühüm hadisəsi idi. Daha sonra, Vasif Qurbanzadə bir vaxtlar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin də fəaliyyətindən söz açaraq bildirib ki, bu məktəb Azərbaycan ədəbiyyatı sahəsində ən önəmli addımlardan biri sayılır və birbaşa Rəşad Məcidin adı ilə bağlıdır. Həmçinin, bu məktəbin yenidən fəaliyyətə başlamasını vacib hesab edən natiq söyləyib ki, bu vəsilə ilə Azərbaycan mədəniyyəti dünya miqyasında bir çox uğurlara imza ata biləcək gücdə olacaq.

 AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov bu tədbirin təşkili üçün Kərim Tahirova və Milli Kitabxananın kollektivinə dərin təşəkkürlərini bildirib. Daha sonra qeyd edib ki, “Mən, Rəşad Məcidi “525-ci qəzet”dən tanımışam və o zamandan bəri aramızda qarşılıqlı əlaqələr davam edir. O, daim irəli gedən, yenilikci və istedadlı şairdir.  Rəşad müəllim lap cavan yaşlarından artıq cəmiyyətdə öz işlərinə görə “ağsaqqal” statusunu qazanmışdır. “525-ci qəzet” hazırda Azərbaycanda ən çox oxunulan qəzetdir, burada mədəniyyət də, tarix də, ədəbiyyat da, şəxslər haqqında da məlumatlar, məqalələr öz əksini tapır. Fikrinin sonunda əlavə edib ki,  həm həmkarlarının, həm də xalqın Rəşad Məcidə böyük hörmət və rəğbəti vardır.

Tədbirin davamında söz alan Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas çıxışında vurğulayıb ki, “Qala Adam” kitabı çoxşaxəli və tam ətraflı şəkildə Rəşad Məciddən yazmağa çalışsa da, Rəşad Məcidin fəaliyyəti burada yazılanlardan daha artıqdır. “Biz onunla illərdir sadiq dostuq və onun dostluğu hər zaman ən yüksək səviyyədə olub” deyə qeyd edən A.Abbas əlavə edib ki, Rəşad Məcidin Vətən sevgisi, yurd və millət sevgisi hər kəsə məlumdur.

Daha sonra çıxış edənlar, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev, MEDİA İnkişafı Agentliyinin icraçı direktorunun müavini, t.ü.f.d Natiq Məmmədli, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Əli Əmirli, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri, BDU-nun professoru Qulu Məhərrəmli və digər tədbir iştirakçıları Rəşad Məcidlə bağlı xoş xatirələrindən söz açaraq, onun fəaliyyətini yüksək qiymətləndirib və yaradıcılığında uğurlar arzulayıblar.

Sonda Rəşad Məcid bütün qonaqlara, iştirakçılara, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabzxananın əməkdaşlarına minnətdarlığını bildirib.

 

 

icon

Foto qalereya